Azərbaycan həm döyüş meydanında, həm də idman arenalarında qalib ölkədir

Məşhur Məmmədov,
Millət vəkili
İyunun 2-də Prezident İlham Əliyev Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edərək tarixi qələbəmizə verdiyi yüksək dəyəri bir daha nümayiş etdirdi. Bu görüş yalnız idmançıların uğurunun təntənəsi deyildi – bu, dövlətimizin idmana, gənclərə, sağlam gələcəyə verdiyi önəmin parlaq ifadəsi idi.
Minifutbol üzrə milli komandamızın dünya çempionu olması hər bir azərbaycanlının qürur mənbəyidir. Bu möhtəşəm nailiyyət təsadüfi deyil. Bu, düşünülmüş və məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Ölkə başçısı İlham Əliyevin idmana göstərdiyi davamlı qayğı, yaradılan infrastruktur, federasiyalara göstərilən maliyyə və təşkilati dəstək Azərbaycanı beynəlxalq idman xəritəsində aparıcı mövqelərə çıxarıb. Minifutbol üzrə dünya çempionatının məhz Bakıda keçirilməsi və turnirin yüksək səviyyədə təşkil olunması da bunun sübutudur.
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovun da qeyd etdiyi kimi, bu tarixi uğurun başlıca səbəbi dövlətimizin başçısının dəstəyidir: “Biz bu işi məhz dövlətin maliyyə və infrastruktur baxımından dəstəyi ilə bacardıq”. Federasiyanın fəaliyyəti, milli komandanın hazırlığı və azarkeş dəstəyi ölkəmizin idman sahəsində necə güclü bir sistem qurduğunu göstərdi.
Bu qələbə təkcə idman meydanında deyil, həm də milli ruhun, birlik və həmrəyliyin təntənəsidir. Dünya Minifutbol Federasiyasının vitse-prezidenti Peter Kralikin sözləri ilə desək, bu turnir minifutbol tarixində ən mötəbər yarışlardan biri oldu və Azərbaycan təşkilatçılıq baxımından mükəmməllik nümayiş etdirdi.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sosial şəbəkə paylaşımı isə qələbənin ictimai və emosional rezonansını daha da gücləndirdi: “Azərbaycan minifutbol yığması dünya çempionatının qalibidir! Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm! Sizinlə fəxr edirik!”.
Bu gün Azərbaycan idmanı inkişafın yeni zirvəsindədir. Minifutbol üzrə dünya çempionluğu isə bu uğurlar zəncirinin ən yeni və ən parlaq halqasıdır. Bu qələbənin memarları – idmançılarımız, məşqçi heyəti, federasiya rəhbərliyi və əlbəttə ki, ölkə rəhbərliyidir.
Bu möhtəşəm tarixi zəfərə görə başda Prezident İlham Əliyev olmaqla əməyi keçən hər kəsə təşəkkür edir, komandamıza yeni uğurlar arzulayırıq. Biz bir daha sübut etdik: Azərbaycan qalib ölkədir – həm döyüş meydanında, həm də idman arenalarında!