Azərbaycan–Özbəkistan əlaqələri dövlətlərarası münasibətlərin unikal modelidir

Xanlar Fətiyev – Milli Məclisin deputatı
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-24-də Özbəkistana etdiyi dövlət səfəri iki ölkə arasındakı münasibətlərə yeni işıq saldı. Dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın yüksək ehtiramla qarşılanmasından başlayaraq, səfər proqramının hər bir tədbiri – aparılan danışıqlar, verilən bəyanatlar, imzalanan sənədlər, Daşkəndin, Buxaranın görməli yerləri ilə tanışlıqlar Azərbaycan–Özbəkistan dostluğunun və qardaşlığının möhtəşəm təcəssümünə çevrildi. İki ölkənin əlaqələrinin daha da dərinləşdirilməsinə verdiyi töhfələrlə yanaşı, bu səfər həm də Türk dünyasının həmrəyliyinin və C6 formatında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm siyasi hadisə oldu.
Azərbaycan və özbək xalqlarını ortaq soy kökü, dil, adət-ənənə, mədəniyyət və tarixi yaxınlıq kimi milli və mənəvi dəyərlər birləşdirir. Müasir dövrdə iki dövlət arasındakı münasibətlər bu kimi dəyərlər əsasında formalaşaraq inkişaf edib, rəsmi Bakı və Daşkənd vacib məsələlərdə daim bir-birinə dəstək veriblər. Xüsusilə qeyd etməliyik ki, Özbəkistan keçmiş Qarabağ probleminin həllində birmənalı şəkildə Azərbaycana dəstək verib, ölkəmizin ədalətli mövqeyini müdafiə edib.
Son illərdə isə Azərbaycan–Özbəkistan münasibətləri özünün ən yüksək inkişaf mərhələsinə – müttəfiqlik səviyyəsinə yüksəlib. Xüsusilə qeyd etməliyik ki, cənab Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə qarşılıqlı etimada əsaslanan dostluq münasibətlərinə malik olması iki qardaş ölkənin əlaqələrinin inkişafına böyük töhfə verir və hər bir sahədə əməkdaşlıq münasibətlərin genişlənməsində mühüm rol oynayır. Təsadüfi deyil ki, sonuncu dövlət səfəri də daxil olmaqla ötən beş ildə Prezident İlham Əliyev Özbəkistana üç dövlət səfəri və dörd işgüzar səfər edib. Prezident Şavkat Mirziyoyev isə bu dövrdə ölkəmizə iki dəfə dövlət səfəri, yeddi dəfə işgüzar səfər edib. Prezident İlham Əliyev Daşkənddə mətbuata bəyanatla çıxışında bu barədə deyib:
“Bu statistikanın arxasında, ilk növbədə, ortaq köklərimiz, xalqlarımızın yaxınlığı, mədəniyyətlərimizin, dillərimizin və adət-ənənələrimizin yaxınlığı, bir-birimizə qarşı səmimi münasibət, Özbək və Azərbaycan xalqları arasında əsrlər boyu davam edən dostluq dayanır”.
Bu səfərlər zamanı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə, “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə” və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” də daxil olmaqla çoxsaylı vacib sənədlər imzalanıb. Qeyd olunan səfərlər və imzalanmış sənədlər Azərbaycan –Özbəkistan əlaqələrinin hüquqi və siyasi əsaslarını daha da gücləndirib, əməkdaşlığın gələcək inkişafı üçün yeni imkanlar açıb.
Səfərin əlamətdar hadisələrindən biri “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanması oldu. Belə bir sənədin imzalanması ilə Azərbaycan–Özbəkistan qardaşlığı tamamilə yeni mərhələyə qədəm qoydu. Bu sənəd iki xalq arasında əbədi dostluq və sarsılmaz həmrəyliyin rəsmi ifadəsinə çevrildi. Əlbəttə ki, müttəfiqlik münasibətlərindən əbədi dostluğa uzanan bu yol Azərbaycanla Özbəkistan arasında qardaşlığın yalnız bu gününü deyil, gələcək nəsillərini də birləşdirən möhkəm təməl rolunu oynayacaq.
Səfər zamanı Prezident İlham Əliyevə Özbəkistanın ali dərəcəli “Dostluq” ordeninin, Prezident Şavkat Mirziyoyevə isə Azərbaycanın ali dövlət təltifi olan “Heydər Əliyev” ordeninin təqdim edilməsi bir daha iki dövlətin dostluğunun və qardaşlığının mənəvi təcəssümü və rəmzinə çevrildi.
Hazırda Azərbaycanla Özbəkistan enerji, nəqliyyat, turizm, dağ-mədən, avtomobil və emal sənayesi, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlıq edir. Səfər zamanı isə Azərbaycanın Özbəkistanda həyata keçirdiyi “Davr Bank”ın, Gips zavodunun, məktəblərin açılışının olması, habelə SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsinin, “Sea Breeze Uzbekistan” yaşayış və istirahət kompleksinin, “Baku City” yaşayış kompleksinin, Gümüş tərkibli filizin emalı üzrə zənginləşdirmə fabrikinin və Meyvə bağlarının təməlqoyma mərasiminin keçirilməsi münasibətlərin nə qədər çoxşaxəli olduğunu göstərir. Avqustun 23-də Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə keçirilən Ali Dövlətlərarası Şuranın 3-cü iclasında qeyd edildiyi kimi, son beş ildə qarşılıqlı ticarətin həcmi üç dəfə artıb, birgə layihələrin ümumi portfeli isə 5 milyard dolları ötüb. Hazırda qarşıda duran əsas məqsədlərdən biri iki dövlət arasında ticarət dövriyyəsini bir milyard dollara çatdırmaqdır. Hazırda həyata keçirilən layihələr ticarət dövriyyəsinin tezliklə bu səviyyəyə çatacağını söyləməyə əsas verir.
İkitərəfli əlaqələri olan bütün dövlətlər arasında bir sıra sahələr üzrə əməkdaşlıq həyata keçirilir. Amma bu əməkdaşlığın mənəvi məzmun daşıması, dostluq, qardaşlıq kimi dəyər və prinsiplərə əsaslanması beynəlxalq təcrübədə nadir rast gəlinən haldır. Bu mənada xüsusilə vurğulamalıyıq ki, Azərbaycanla Özbəkistanın iqtisadi tərəfdaşlığı məhz mənəvi tellər üzərində inkişaf etməkdədir. Prezident İlham Əliyevin mətbuata bəyanatında iki dövlətin birgə həyata keçirdiyi layihələrin mənəvi dəyərini belə xarakterizə edib:
“Bu gün danışdığımız layihələrdən hər birinin öz dəyəri var və Şavkat Miromonoviç qeyd etdiyi kimi, onların hamısı birlikdə münasibətlərin bənzərsiz xarakterini yaradır”.
Əvvəldə qeyd etdiyim kimi Özbəkistan torpaqlarımızın işğal altında olduğu dövrdə ölkəmizin ədalətli mövqeyini birmənalı şəkildə qətiyyətlə dəstəkləyib. Qardaş dövlətin Ermənistanda səfirlik açmaması da Azərbaycana dəstəklə bağlı olub. Azərbaycanın Vətən müharibəsindəki Zəfəri və torpaqlarımızın işğaldan azad olunması isə Özbəkistanda da böyük sevinclə qarşılanıb. Müharibədən sonra Özbəkistanın işğaldan azad edilən ərazilərin bərpasına göstərdiyi qardaşlıq dəstəyi də bu sevincin təzahürüdür. İşğaldan azad edilən Füzuli rayonunda Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndi şəhərində tikiş fabrikinə investisiyanın qoyulması Azərbaycan–Özbəkistan dostluğunun və qardaşlığının təntənəsidir. Prezident İlham Əliyev Daşkənddə mətbuata bəyanatla çıxışında Özbəkistanın azad edilmiş ərazilərin bərpasına göstərdiyi dəstəyi qeyd etməsi qardaşlıq münasibətlərinə verilən yüksək qiymətin ifadəsidir.
Ötən il Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsi və “C5” adlanan bu əməkdaşlıq mexanizminin “C6” formatına çevrilməsi Mərkəzi Asiya dövlətlərini və Azərbaycanı dünyaya vahid geosiyasi və geoiqtisadi məkanın iştirakçıları kimi təqdim etdi. Bu formatda təmsil olunan hər bir dövlətin imkanları birlikdə Avrasiyanın iqtisadi arxitekturasına böyük təsir göstərir. Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan arasındakı əlaqələri “C6” prizmasından belə dəyərləndirib.
“Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır”.
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri göstərdi ki, Azərbaycan–Özbəkistan münasibətləri strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq prinsiplərinə söykənərək inkişaf edir. Birgə layihələr, Qarabağın bərpasında Özbəkistanın qardaşlıq dəstəyi, C6 formatında və Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyət, Əbədi dostluq haqqında Müqavilə və digər bu kimi nümunələr həm də dövlətlərarası münasibətlərin unikal modelindən xəbər verir. Azərbaycanla Özbəkistan arasında formalaşmış dostluq və qardaşlıq münasibətləri bundan sonra da qarşılıqlı etimad və əməkdaşlıq əsasında inkişaf edərək iki ölkənin yüksəlişinə və strateji hədəflərinə çatmasına töhfə verəcək.



