Azərbaycan–Türkmənistan münasibətləri strateji tərəfdaşlığın yeni mərhələsinə daxil olur

Xanlar Fətiyev – Milli Məclisin deputatı
Türk dövlətləri ilə əlaqələrin daha da dərinləşdirilməsi Azərbaycanın həm xarici siyasət kursunda, həm də regional əməkdaşlıq təşəbbüslərində əsas yerlərdən birini tutur. Bunu respublikamızın Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası və Türkmənistanla münasibətlərinin həm ikitərəfli əsasda, həm nəqliyyat və enerji dəhlizləri çərçivəsində, həm də beynəlxalq təşkilatlar müstəvisində sürətlə genişlənməsi də təsdiq edir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun bu günlərdə respublikamıza dövlət səfərinə gəlməsi də göstərdi ki, Türk dünyası ilə yaxın tərəfdaşlıq Azərbaycanın prioritetlərindən biridir.
Azərbaycanla Türkmənistan arasındakı əlaqələr hər şeydən əvvəl onların xalqlarının ortaq soykökünə, milli kimliklərinə, bölüşdükləri milli-mədəni dəyərlərə söykənir. Eyni zamanda hər iki dövlət Xəzərin sahilində yerləşdiklərinə görə həm də eyni coğrafiyanı bölüşürlər. Bu kimi faktorlar iki dövlət arasındakı münasibətlərin mənəvi təməl prinsiplərini və coğrafi əsaslarını təşkil edir. 2017-ci ilin avqust ayında Bakıda imzalanan “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ikitərəfli münasibətlərdə tamamilə yeni səhifə açıb.
Əlbəttə ki, əlaqələrin inkişafında əsas siyasi amil isə son illərdə daha da intensivləşən ali səviyyəli qarşılıqlı səfərlərdir. Prezident İlham Əliyevin indiyə kimi Türkmənistanda 2 rəsmi və 5 işgüzar səfərdə olması, 2023-cü ildə Prezident Sərdar Berdiməhəmmədovun Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün Bakıya səfəri, eləcə də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun 2025-ci ilin iyul ayında Azərbaycana səfəri, habelə ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirakı siyasi münasibətlərin, dostluğun və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə əhəmiyyətli töhfələr verib. Bu səfərlərin hər biri göstərir ki, hər iki tərəfdə əlaqələrin inkişafı istiqamətində güclü siyasi iradə mövcuddur.
Azərbaycanla Türkmənistanın münasibətlərinin dostluq ruhunda inkişaf etməsini, əlaqələrin strateji tərəfdaşlığa əsaslanmasını ali səviyyəli səfərlərin qrafiki və bu zaman keçirilən tədbirlər də təsdiq edir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun respublikamıza dövlət səfəri bunun aydın təzahürüdür. Səfər zamanı Bakı gəmiqayırma zavodunda inşa olunan “Dostlug” neftdaşıyan tankerinin Azərbaycan tərəfindən Türkmənistana onlayn formatda hədiyyə olunması iki dövlət arasındakı dostluğun rəmzinə çevrildi. Mübadilə olunan 13 sənəd isə Azərbaycan-Türkmənistan münasibətlərinin hüquqi bazasını daha da möhkəmləndirdi. Qeyd edək ki, Türkmənistana hədiyyə olunan “Dostlug” gəmisi Azərbaycanın gəmiqayırma sənayesinin inkişafını və texnoloji imkanlarını nümayiş etdirir. İmzalanan sənədlərin enerji, iqtisadiyyat, nəqliyyat, gömrük, səhiyyə, qida təhlükəsizliyi, sənaye, aqrar, maliyyə sferalarını əhatə etməsi isə hər iki tərəfin əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi ilə bağlı siyasi iradəsindən xəbər verir.
Əlbəttə ki, səfərin əsas siyasi tərəfi prezidentlərin mətbuata bəyanatla çıxışları oldu.
“Bu gün həm təkbətək, həm də geniş tərkibdə danışıqlar aparıldı. İkitərəfli əməkdaşlığın bir çox məsələləri müzakirə edildi və əməkdaşlığımızın gələcək inkişafı yolları müəyyənləşdirildi” – deyən Prezident İlham Əliyevin mətbuata bəyanatla çıxışında toxunduğu məqamlar ilk növbədə Azərbaycanla Türkmənistan arasındakı münasibətlərin dostluğa və qardaşlığa əsaslandığını özündə ehtiva etdi.
Qeyd edək ki, Türkmənistan həm də işğaldan azad edilmiş ərazilərimizin bərpasına dəstək verən dost dövlətlərdəndir. Ötən ilin iyul ayında Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Bakıda Zəfər parkını ziyarət etmiş, “Sea Breeze” istirahət mərkəzində olmuşdu. Daha sonra işğaldan azad edilmiş ərazilərimizə səfər edən Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü irəli sürmüşdü. Mətbuata bəyanatla çıxışında bu məsələyə diqqət çəkən Prezident İlham Əliyev məscidin tikintisini Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi adlandırdı. Dövlətimizin başçısının qeyd etdiyi kimi yaradıcı kollektivlərin çıxışlarının təşkili, qarşılıqlı olaraq Mədəniyyəti Günlərinin keçirilməsi, Bakı və Aşqabadın, Arkadağ və Füzulinin qardaş şəhərlər olması bizim birliyimizin nümayişidir.
Azərbaycanla Türkmənistan arasında münasibətlər xüsusən enerji və nəqliyyat-logistika sahələrində son illərdə daha da inkişaf edib. Öncə onu qeyd edək ki, hər iki dövlət nəqliyyat dəhlizlərinin regional və qlobal əməkdaşlıqdakı rolunu düzgün qiymətləndirərək, sözügedən sahələrə sərmayələr yatırırlar. Mətbuata bəyanatla çıxışında Prezident İlham Əliyev bu əməkdaşlığın həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malik olduğunu bildirərək deyib:
“Bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi”.
Prezident Sərdar Berdiməhəmmədovun səfəri zamanı isə aparılan danışıqlarda tərəflər artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyəti daha da əlaqələndirmək barədə razılığa gəliblər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu sahə həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətin prioriteti olacaq. Qlobal nəqliyyat marşrutlarının yenidən formalaşdığı bir dövrdə Azərbaycan və Türkmənistan arasında bu sahədə həyata keçirilən əməkdaşlıq iki dövlət maraqlarını uğurla təmin etməklə yanaşı, Orta dəhlizdə dövriyyənin artmasına, Avrasiya məkanında ticarətin genişlənməsinə xidmət edir.
İki dövlətin prioritet əməkdaşlıq sferalarından biri də enerji sektorudur. Həm Azərbaycanın, həm də Türkmənistanın zəngin karbohidrogen ehtiyatlarına malik olması bu sahədə ortaq maraqlar formalaşdırır ki, bu da enerji sferasında əməkdaşlığı stimullaşdırır.
Azərbaycanla Türkmənistan arasında çoxtərəfli formatda əməkdaşlıq mexanizmləri mövcuddur. Xüsusən Azərbaycanın ötən il Türkmənistanın da fəal dəstəyi ilə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsi respublikamızın Mərkəzi Asiya coğrafiyası ilə əlaqələrinin daha da inkişafı baxımından olduqca mühüm siyasi hadisədir. Türkmənistanın bu prosesdə rəsmi Bakıya nümayiş etdirdiyi fəal dəstək iki ölkə arasındakı etimadın yüksək göstəricisidir.
Prezident Sərdar Berdiməhəmmədovun səfəri çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə getməsi, Füzuli və Şuşa şəhərləri ilə tanış olması iki dövlətin dostluğunun möhkəm təməllərə söykəndiyini nümayiş etdirdi. Eyni zamanda, bu, Aşqabadın Azərbaycanın ərazi bütövlüyünə və zəfərinə verdiyi dəstəyin bariz təzahürüdür.
Azərbaycan–Türkmənistan münasibətləri artıq strateji tərəfdaşlığın daha dərin və məzmunlu mərhələsinə daxil olur. Prezident Sərdar Berdiməhəmmədovun respublikamıza səfəri zamanı aparılan danışıqlar, əldə edilən razılaşmalar, imzalanan sənədlər Azərbaycan-Türkmənistan münasibətlərinin daha da dərinləşməsinə böyük fayda verəcək.



