Siyasət

Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır

Məşhur Məmmədov,
Milli Məclisin deputatı

Azərbaycanın enerji siyasətində yeni mərhələ başlayır.
Prezident İlham Əliyevin 8 yanvar 2026-cı il tarixində “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində etdiyi çıxış Azərbaycanın enerji siyasətində keyfiyyətcə yeni mərhələnin başlandığını nümayiş etdirdi. Dövlət başçısının vurğuladığı kimi, 240 meqavat gücündə bu stansiyanın istismara verilməsi təkcə yeni enerji obyektinin açılışı deyil, eyni zamanda ölkənin uzunmüddətli enerji təhlükəsizliyi, iqtisadi dayanıqlığı və yaşıl inkişaf strategiyasının real nəticəsidir.

Son 20 il ərzində Azərbaycanın enerji sistemi faktiki olaraq sıfırdan qurulub. Generasiya gücləri, yarımstansiyalar və ötürücü xətlər tam yenilənib, ölkənin ümumi generasiya gücü təxminən 10 min meqavata çatdırılıb. Bu, tarixi göstəricidir. Lakin Prezident İlham Əliyevin çıxışında da açıq şəkildə ifadə olunduğu kimi, bu proses burada dayanmayacaq.
“Xızı–Abşeron” Külək Elektrik Stansiyası bərpaolunan enerji mənbələrinin ölkənin ümumi enerji balansına böyük həcmdə inteqrasiyasının bariz nümunəsidir. Bu layihə göstərir ki, Azərbaycan artıq enerji istehsalında yalnız ənənəvi mənbələrə deyil, paralel şəkildə yaşıl enerjiyə də strateji üstünlük verir.

Layihənin investorunun Səudiyyə Ərəbistanının aparıcı enerji şirkəti olan “ACWA Power” olması təsadüfi deyil. Bu, Azərbaycanın beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi qəbul edildiyinin daha bir sübutudur. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, “ACWA Power”in Azərbaycandakı ilk bərpaolunan enerji layihəsidir, lakin sonuncu olmayacaq.
Eyni zamanda, tikintidə baş podratçı kimi iştirak edən “Power China” şirkətinin fəaliyyəti də Azərbaycanın qlobal enerji layihələrində mühüm tərəfdaşlıq platformasına çevrildiyini göstərir. Bu əməkdaşlıq modeli gələcəkdə həm investor, həm də texnoloji tərəfdaş kimi daha genişmiqyaslı layihələrin icrasına yol açır.

Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan əsas məqamlardan biri də ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel şəkildə inkişaf etdirilməsidir. Mingəçevirdə 2000 meqavat gücündə ənənəvi elektrik stansiyasının, ardınca Günəş və külək elektrik stansiyalarının istismara verilməsi bu balanslaşdırılmış strategiyanın real nəticələridir.
Bu yanaşma Azərbaycanın enerji təhlükəsizliyini maksimum səviyyədə təmin etməklə yanaşı, ölkəyə elektrik enerjisinin ixrac imkanlarını da genişləndirir. Artan daxili tələbatın etibarlı şəkildə ödənilməsi ilə paralel olaraq, Azərbaycan regionun əsas enerji ixracatçılarından birinə çevrilir.

Azərbaycanın bərpaolunan enerji potensialı yalnız quruda deyil, Xəzər dənizində də olduqca böyükdür. Beynəlxalq qiymətləndirmələrə görə, Xəzərin Azərbaycan sektorunda külək enerjisi potensialı 157 giqavat təşkil edir. Bu rəqəm ölkənin gələcək enerji strategiyasında Xəzərin rolunu açıq şəkildə ortaya qoyur.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə – Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən Günəş və su elektrik stansiyaları bu bölgələrin “yaşıl enerji zonası”na çevrilməsi siyasətinin uğurla reallaşdırıldığını göstərir. Son beş ildə burada 40-a yaxın kiçik su elektrik stansiyasının inşa edilməsi dövlətin bu sahəyə verdiyi strateji əhəmiyyətin göstəricisidir.
Maliyyə dayanıqlığı və investisiya mühiti
Prezident İlham Əliyevin çıxışında səsləndirilən makroiqtisadi göstəricilər Azərbaycanın enerji layihələrinin möhkəm maliyyə bazasına söykəndiyini sübut edir. Xarici borcun ÜDM-in təxminən 6 faizindən bir qədər çox olması, valyuta ehtiyatlarının xarici borcu 16–17 dəfə üstələməsi Azərbaycanın nadir maliyyə sabitliyinə malik ölkələrdən biri olduğunu göstərir.
Bu amillər, eyni zamanda, ölkəmizə 300 milyard dollardan artıq xarici sərmayənin cəlb olunmasının əsas səbəblərindəndir. Azərbaycan sözünə və müqavilələrinə sadiq dövlətdir və bu etibar enerji sektorunda uzunmüddətli investisiyaların əsas təminatıdır.

Artan bərpaolunan enerji istehsalı yeni texnoloji həlləri də zəruri edir. Prezident İlham Əliyevin elan etdiyi Batareya Enerji Saxlanc Sisteminin yaradılması bu baxımdan tarixi addımdır. 250 meqavatlıq ilk layihə göstərir ki, Azərbaycan yalnız enerji istehsalında deyil, onun saxlanması və idarə olunmasında da qabaqcıl modellərə keçid edir.
Bu yanaşma gələcəkdə süni intellekt, data mərkəzləri və yüksək enerji tələbatı olan digər sahələrin ölkəmizdə inkişafına real zəmin yaradır.

Prezident İlham Əliyevin “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışında səsləndirdiyi fikirlər bir daha sübut edir ki, Azərbaycan enerji siyasətini qısamüddətli maraqlar üzərində deyil, uzunmüddətli strateji hədəflər üzərində qurur. Enerji təhlükəsizliyi, yaşıl keçid, beynəlxalq əməkdaşlıq və maliyyə dayanıqlığı bu siyasətin əsas sütunlarıdır.
Bu gün Azərbaycan təkcə regionun deyil, daha geniş coğrafiyanın etibarlı enerji tərəfdaşına çevrilir və bu mövqe gələcək illərdə daha da möhkəmlənəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button