Göyçayda şəhid Həsənov Maarif anıldı


Göyçayda Vətən müharibəsinin şəhidi anılıb.
AZERFAX.AZ xəbər verir ki, Göyçay şəhər Şəhidlər Xiyabanında II Qarabağ müharibəsinin qəhrəman şəhidi Həsənov Maarif Rahim oğlunun şəhadətinin altıncı ildönümü münasibətilə anım mərasimi keçirilib.
1999-cu il noyabrın 19-da Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndində dünyaya göz açan Maarif Həsənov orta təhsilini Göyçay şəhər Rəsul Rza adına 1 nömrəli tam orta məktəbdə alıb, daha sonra Göyçay Peşə Liseyində təhsilini davam etdirib.
2017-ci ildə həqiqi hərbi xidmətə çağırılan Maarif 2019-cu ildə hərbi xidmətini başa vuraraq doğma el-obasına qayıdıb. Vətən müharibəsi başlayanda isə tərəddüd etmədən Vətənin müdafiəsinə qalxaraq 29 sentyabr 2020-ci ildə səfərbərliklə yenidən hərbi xidmətə cəlb olunub.
O, Suqovuşan və Ağdərə istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edərək igidlik və qəhrəmanlıq nümunəsi göstərib. Döyüş yoldaşları ilə çiyin-çiyinə mübarizə aparan Maarif Həsənov göstərdiyi şücaət və fədakarlıqla Vətənə sədaqətin əsl nümunəsinə çevrilib. Mərasimdə Göyçay Rayon İcra Hakimiyyətinin nümayəndələri, Göyçay şəhid ailələri, din xadimləri, ictimaiyyət nümayəndələri, rayon sakinləri, məktəblilər, eləcə də şəhidin ailə üzvləri, yaxınları və doğmaları iştirak ediblər. Tədbir çərçivəsində məktəblilər Vətənə və qəhrəmanlığa həsr olunmuş şeirlər səsləndirib, şəhidin ruhuna dualar oxunub. Daha sonra məzarı önünə gül dəstələri düzülərək əziz xatirəsinə ehtiram ifadə olunub.
Xatırladaq ki, şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.



