ABŞ-da demokratik institutlar zəifləyir: Dünya üçün təhlükəli siqnal

ABŞ-da demokratik institutların zəifləməsi Avropanın təhlükəsizliyinin əsasını təşkil edən beynəlxalq qaydalara və ittifaqlara təzyiq göstərir, eyni zamanda dünyada münaqişə riskini artırır.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Beynəlxalq Demokratiya və Seçkiyə Yardım İnstitutunun (International IDEA) yeni hesabatında bildirilib.
Təşkilatın baş katibi Kevin Kasas-Zamora ABŞ-da baş verənlərin qlobal nəticələr doğurduğunu vurğulayıb.
Hesabatda ABŞ-da demokratiyanın 2025-ci ildəki vəziyyəti 2020-ci illə müqayisə edilib. Araşdırma nəticəsində yeddi göstərici üzrə statistik baxımdan əhəmiyyətli pisləşmə qeydə alınıb.
Təşkilatın demokratiyanı qiymətləndirmək üçün istifadə etdiyi 30 göstəricinin təxminən yarısı 1975-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
Kasas-Zamoranın sözlərinə görə, digər hökumətlər ABŞ-da baş verənləri nümunə kimi qəbul etməyə başlayır. Bu isə onların öz ölkələrində demokratik institutlara və vətəndaş cəmiyyəti təşkilatlarına təzyiq göstərmək üçün oxşar arqumentlərdən istifadə etməsinə şərait yaradır.
O, Serbiyanı bu tendensiyanın nümunələrindən biri kimi göstərib.



