"Kurtlar Vadisi"ndəki bu səhnə araşdırılır

2011-ci ildə Silivri Ceza İnfaz Müəssisəsində həyatını itirən keçmiş Milli İstihbarat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı aparılan istintaqda diqqətçəkən detal üzə çıxıb.
AZERFAX.AZ xəbər verir ki, Silivri Respublika Baş Prokurorluğunun araşdırması çərçivəsində Kozinoğlunun həbsxanada öldüyü dövrdə yayımlanan bəzi televiziya görüntüləri də araşdırmaya daxil edilib.
İstintaq zamanı xüsusilə “Kurtlar Vadisi Pusu” serialının müəyyən bölümlərindəki hadisələr, obrazlar və istifadə olunan ifadələr diqqət çəkib. Prokurorluğun həmin səhnələrlə Kozinoğlunun ölümü arasında müəyyən oxşarlıqlar və zaman baxımından paralelliklər olduğunu qiymətləndirdiyi bildirilir.
Araşdırmada serialın 10 noyabr 2011-ci ildə yayımlanan 136-cı bölümündəki səhnələrin xüsusi diqqət çəkdiyi qeyd olunur. Həmin bölümün Kozinoğlunun ölümündən iki gün əvvəl efirə getməsi istintaqın diqqət yetirdiyi məqamlardan biri olub.
Həmin bölümdə “Kazım Kaşifoğlu” obrazının bir hücrədə saxlanıldığı, daha sonra isə Polat Alemdarın hədiyyəsi kimi Yaşar Ağa adlı obraza təhvil verildiyi göstərilir. Yaşar Ağanın Kaşifoğluna qarşı zor tətbiq etdiyi səhnələrdən sonra İlhan obrazının ona ölüm təhdidi etdiyi görülür.
Bölümün yayımlanmasından iki gün sonra – 12 noyabr 2011-ci ildə Kaşif Kozinoğlu Silivri Ceza İnfaz Müəssisəsində həyatını itirib.
İstintaq çərçivəsində serialdakı sözügedən səhnələrin Kozinoğlunun ölümü ilə hər hansı əlaqəsinin olub-olmadığının araşdırıldığı bildirilir.
Bu məqsədlə serialın ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysanın “məlumat sahibi” qismində ifadələrinin alınacağı öyrənilib. (metbuat/az)



