Məşhur manyak Mərkəzi Kəşfiyyat İdarəsinin adamı olub?

Seriyalı qətllər törətmiş məşhur manyak Çarlz Menson gizli zehni idarəetmə proqramının bir hissəsi olaraq Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etmiş ola bilər.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. 30 iyun tarixində ABŞ Konqresində keçirilən dinləmədə arxivlərin məxfiliyinin açılması üzrə işçi qrupuna sədrlik edən Anna Paulina Luna proqramla bağlı əvvəllər məlum olmayan materialların aşkarlandığını elan edib.
Dinləmə zamanı o, Mensonun kəşfiyyat agentliklərinin təcrübələrində mümkün iştirakı məsələsini qaldırıb.
Bu fərziyyəni araşdırmaçı jurnalist Tom O’Nil illərlə apardığı araşdırmalara əsaslanaraq kitabında irəli sürüb. O, proqramın direktoru, Mərkəzi Kəşfiyyat İdarəsinin kimyaçısı Sidni Qotlib və psixiatr Luis Vest arasında yazışmaları aşkar edib. Sənədlərdə LSD, hipnoz, yaddaş nəzarəti və davranış nəzarəti vasitəsilə insanlara təsir üsulları müzakirə olunub.
O’Nil təsdiqləyib ki, Vest 1967-ci ildə Menson və onun ətrafındakıların pulsuz müalicə aldığı San-Fransisko klinikasının yaxınlığında işləyirdi. Bu dövrdə Menson narkotik istifadə edən və daha sonra aktrisa Şeron Teyt də daxil olmaqla bir sıra qətllər törədən “Ailə”adlı kultunu yaratmağa başladı.
Luna O’Neildən Mensonun MKİ agenti olub-olmadığına inanıb-inanmadığını soruşub. Jurnalist bildirib ki, təriqətlə layihə arasında birbaşa əlaqəyə dair heç bir dəlil tapılmayıb, lakin hakimiyyət orqanlarının manyakla davranışı şübhəli görünür: Mensona şərti azadlığı pozmağa, məhkəmədən yayınmağa və nəzarət altında fəaliyyətlərini davam etdirməyə icazə verilib.
Menson 2017-ci ilin noyabrında ölüb.



