Ölkə

Rayonlarda nə vaxt elektron jurnallara keçiləcək?


Bakı məktəblərində jurnallar elektron sistemə keçirilsə də, rayon məktəblərində hələ də bu tətbiq olunmur. Üstəlik, jurnallar tədris ili başladıqdan xeyli sonra məktəblərə çatdırılır. Nəticədə müəllimlər məcburiyyət qarşısında müvəqqəti jurnallardan istifadə edirlər.

Təhsil eksperti Elmin Nuri AZERFAX.AZ-a açıqlamasında bildirib ki, Azərbaycan dünya təhsilinin əsas trendlərindən olan rəqəmsallaşma prosesindən xeyli geri qalıb.


O, elektron jurnallara hələ indi keçid edilməsini tənqid edib:

“2025-ci il olmasına baxmayaraq, indi-indi elektron jurnallardan istifadə etməyə başlayırıq. Bu da olduqca gecikmiş addımdır. Hələ ki, elektron jurnallar yalnız paytaxt Bakı və böyük şəhərlərdə tətbiq olunur, rayonlar isə kənarda qalır. Bu, qətiyyən doğru yanaşma deyil. Əgər təhsildə rəqəmsallaşma prinsipi həyata keçirilirsə, bu, bütün məktəbləri əhatə etməlidir. Azərbaycanın digər ölkələrdən fərqli olaraq ərazisi o qədər də böyük deyil. Ən ucqar kəndlə paytaxt arasında çox böyük məsafə yoxdur, həm də elə çətin şəraitli məktəb və ya yaşayış məntəqələrimiz də yoxdur. O halda niyə biz bu prosesi yalnız bir hissədə tətbiq edir, digər hissədə gecikdiririk? Əvvəla, rəqəmsal elektron jurnallar onsuz da gələcəkdə bütün ölkədə tətbiq olunacaq. O halda niyə indi bunu mərhələli şəkildə edirik? Bəli, elə layihələr var ki, mərhələli şəkildə həyata keçirilməsi zəruridir. Məsələn, məktəbin infrastrukturu və ya İT bacarıqları tələb edən böyük layihələr buna aiddir. Amma elektron jurnallar məsələsini bu sıraya daxil etmək düzgün deyil”.

E. Nuri elektron jurnalların yalnız pilot layihə kimi Bakıda sınanmasını da doğru hesab etməyib:

“Çünki elektron jurnallar dünyanın bir çox ölkəsində illərdir tətbiq olunur və artıq öz effektivliyini sübut edib. “Görək, necə nəticə verəcək” yanaşması burada əsaslı deyil. Elektron jurnallar tətbiq olunursa, bu, bütün ölkəni əhatə etməlidir. Artıq sınaq və ya pilot layihə kimi yox, birbaşa konkret fəaliyyət mexanizmi kimi həyata keçirilməlidir”.

Sevinc İbrahimzadə / AZERFAX.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button