“İlham Əliyevin Nyu-York səfəri mühüm prioritetə malikdir”

Prezident İlham Əliyevin Nyu-Yorka işgüzar səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi və qlobal iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Səfər çərçivəsində dövlət başçısı transmilli şirkətlərin rəhbərləri və qlobal iqtisadi siyasətdə təsir imkanlarına malik aparıcı qurumlarla yüksək səviyyəli görüşlər keçirib.
Millət vəkili Vüqar İskəndərov AZERFAX.AZ-a açıqlamasında bildirib ki, Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti isə aparıcı beynəlxalq şirkətlərin Azərbaycana marağını artıraraq əməkdaşlıq perspektivlərinin genişlənməsinə şərait yaradıb:
“Bu görüşlər Azərbaycanın dünyada sürətlə inkişaf edən, şaxələnmiş iqtisadiyyata malik və sərmayələr üçün açıq, sabit tərəfdaş kimi təqdim olunmasına xidmət edir. Azərbaycan iqtisadiyyatında neft və qaz sektoru hələ də aparıcı rol oynasa da, son illərdə Prezident İlham Əliyevin siyasətində əsas diqqət qeyri-neft sektorunun inkişafına yönəlib. Bu istiqamətdə aqrar sahə, turizm, alternativ və yaşıl enerji layihələri ön plana çıxır. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ağıllı kənd və şəhər konsepsiyaları əsasında yeni infrastruktur qurulur, aqrar sahənin inkişafı və turizm potensialının reallaşdırılması üçün geniş imkanlar yaradılır. Bu, ölkənin gələcək iqtisadi inkişafı baxımından mühüm prioritet hesab olunur”.
Azərbaycan bu gün Cənubi Qafqazın lider dövləti kimi sürətlə inkişaf edən iqtisadiyyata malik olduğunu vurğulayan Vüqar İskəndərov qeyd edib ki, Prezident İlham Əliyevin beynəlxalq görüşlərdə bu istiqamətdə apardığı təbliğat ölkəmizin müsbət imicinin gücləndirilməsinə, yeni tərəfdaşlıqların qurulmasına və xarici sərmayələrin daha da artmasına xidmət edir.
Gülbəniz Hüseynli / AZERFAX.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.