Siyasət

Rəcəb Tayyib Ərdoğan: “15 İyul dirənişinin dünya demokratiya tarixində  bənzəri yoxdur”

Türk siyasi tarixinin ən amansız çevriliş cəhdlərindən biri bundan düz 10 il əvvəl – 15 iyul 2016-cı ildə baş verdi. Ölkəmizin qurumlarına gizlicə sızmış bir terror şəbəkəsi tərəfindən törədilən  bu çevriliş cəhdinin məqsədi Türkiyəni uzun illər davam edəcək bir xaosa  sürükləyərək xalqımızın gələcəyini nəzarət altına almaq idi. İstiqlalına və gələcəyinə sahib çıxaraq qiyamçılara  cavab verən əziz xalqımız qəhrəmancasına bir dirəniş nümayiş etdirdi və bu torpaqlarda milli iradənin əsir alına bilməyəcəyini bütün dünyaya bəyan etdi. Türk xalqının 15 iyul gecəsi meydana  qoyduğu uzaqgörənlik, cəsarət və fərasətin şübhəsiz ki, dünya demokratiya tarixində  bənzəri yoxdur.

Fətullahçı Terror Təşkilatı (FETÖ) tərəfindən törədilən  bu xain çevriliş cəhdi adi bir hərbi çevriliş təşəbbüsündən də o yana keçərək ölkəmizin müstəqilliyini təhdid edən  bir işğal cəhdi idi. Qiyamçıların  ilk hədəfi milli iradənin və xalqımızın müstəqilliyinin simvol qurumları olan Prezident Aparatı  və Türkiyə Böyük Millət Məclisi oldu. 15 iyul gecəsi verdiyim açıqlamada bu günə qədər xalqın gücündən üstün heç bir qüvvə  tanımadığımı xüsusi vurğulamışdım. Bu açıqlamanı verərkən  türk xalqının öz iradəsinə sahib çıxacağına əmin idim. Beləliklə,  elə həmin gecə böyük bir iman və özünəinamla küçələrə axışan xalqımız terror şəbəkəsinin hökmranlığı altına girməyi rədd etdi. Ölkəsinin müstəqilliyi, demokratik nailiyyətləri və azad iradəsini qorumaq məqsədilə canı bahasına dirəniş göstərən xalqımız qiyamçıları  yerinə  oturdu və nəsildən-nəslə qürurla danışılacaq bir milli iradə dastanına imza atdı.

Xalqımızın cəsarətli mövqeyindən aldığımız ilhamla biz də bu xain çevriliş cəhdinin mənfi təsirlərini sürətlə aradan qaldırmaq üçün hərəkətə keçdik. Dövlətin bütün qurumlarında siyasi olmayan vasitələrlə demokratik fəaliyyətə zərər verə biləcək hər hansı bir yeri  təhdid mənbəyi olmaqdan çıxaracaq struktur islahatları təcili  həyata keçirdik. Sonra  mübarizə apardığımız digər terror təşkilatlarını məhvetmə  strategiyası çərçivəsində daxildə və xaricdə apardığımız əməliyyatlarda mühüm uğurlar əldə etdik. Nəhayət, öz birlik və bərabərlik tariximizdə yeni bir səhifə olan “Terrorsuz Türkiyə” prosesinə başladıq.  “Türkiyə əsri” yolumuzun  əsas mərhələlərindən biri olan bu proses əhatəli və birləşdirici yanaşma, müvafiq təhlükəsizlik qurumlarımızın səyləri və siyasi qurumların dəstəyi ilə şükürlər olsun ki, məqsədinə doğru və əmin addımlarla irəliləyir. İnanıram ki “Terrorsuz Türkiyə” prosesinin uğuru ölkəmizlə yanaşı, bölgəmizin də sabitliyinə töhfə verəcəktir.

Ölkəmizin iqtisadi rifahını və inkişafını da hədəf alan bu çevriliş cəhdinə qalxanlara qarşı apardığımız mübarizənin nəticəsində enerji, nəqliyyat, səhiyyə, kənd təsərrüfatı, texnologiya və müdafiə kimi sahələrdə həyata keçirdiyimiz layihələrlə daha firavan bir gələcək üçün güclü addımlar atdıq. Son 10 ildə başladığımız Milli Texnologiya Hərəkatı ilə müdafiə, aviasiya və kosmik sənayedə mühüm bir sıçrayış etdik. Elektrikli və ağıllı nəqliyyat sistemləri inkişaf etdirdik, səhiyyə və kənd təsərrüfatı sahəsində böyük  investisiyalarla xalqımızın fədakarlığına layiq olmağa çalışdıq.  Dünya miqyasında təqdir olunan marka məhsullarımızı da inkişaf etdirdik. Bunlardab  elektrikli avtomobilimiz TOGG, milli döyüş təyyarəmiz KAAN, milli korvetlərimiz və pilotsuz uçuş aparatlarımız ilk yada düşənlərdir.

Digər tərəfdən, keçən 10 il ərzində Türkiyə təşəbbüskar xarici siyasət anlayışı ilə həm regional, həm də qlobal səviyyədəki böhran və münaqişələrin həllində təsirli rola malik bir aktor kimi önə çıxmışdır. Bütün böhran bölgələrində güclünün deyil, məzlumun və haqlının yanında olaraq sülh və sabitliyin təminatı  üçün məsuliyyət daşımaqdan  çəkinmədik. Harada bir zülm və ya ədalətsizlik varsa, orada beynəlxalq hüququn, ədalətin və vicdanın səsi olduq. Bu gün çatdığımız mərhələdə  regional və qlobal məsələlərdə Türkiyə – töhfəsi aranan, sözünə etibar edilən və fikirlərinə müraciət olunan bir ölkə kimi tanınırsa, bu uğurun arxasında 15 İyul gecəsi canı bahasına istiqlalına və gələcəyinə sahib çıxan əziz xalqımızın iradəsi dayanır.

Beynəlxalq əməkdaşlığın mühüm şərtlərindən olan terrorla mübarizə xarici siyasət gündəliyimizin  yuxarı  sıralarında yer almağa davam edir. Məlum olduğu kimi, FETÖ-nün xaricdəki fəaliyyətində  təşkilatdaxili parçalanma prosesi son iki ildə sürətləndi. Bununla yanaşı, bir çox  dövlətin bu təşkilata gizli şəkildə dəstək  və təşkilat üzvlərinə sığınacaq verməsi  faktlarını  dəqiqliklə  müəyyən etdik.  

Məqsədlərinə çatmaq üçün hər yolu yoxlayan, , fərqli kimliklər altında fəaliyyət göstərən, demokratiya, azadlıq, insan hüququ kimi anlayışları sui-istifadə edən FETÖ-yə qarşı diqqətli və həssas yanaşmanın vacibliyini  bir daha vurğulamaq istəyirəm. 15 İyul gecəsi 253 övladı qiyamçılar  tərəfindən şəhid edilən  bir xalq olaraq beynəlxalq ictimaiyyətdən əsas gözləntimiz Türkiyənin haqlı mübarizəsinə dəstək verilməsidir.  Qlobal sülh, təhlükəsizlik və rifah yalnız ayrı-seçkilik qoyulmadan terror təşkilatlarına qarşı qətiyyətli və güzəştsiz mübarizə və səmimi əməkdaşlıq ilə təmin oluna bilər.

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti

Related Articles

Bir cavab yazın

Back to top button