Ölkə

Ceyhun Bayramov Kristo Kapodistrianı qəbul etdi


Xarici işlər naziri Ceyhun Bayramov Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristo Kapodistrianı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, görüş zamanı Ceyhun Bayramov səfir Kapodistrianın Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafındakı xidmətlərini yüksək qiymətləndirərək ona təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfirlə söhbət zamanı son dövrlər ikitərəfli münasibətlərdəki dinamika müsbət qiymətləndirilib. Bu çərçivədə, 2024-cü ilin noyabr ayında Bakı şəhərində keçirilmiş COP29 Beynəlxalq İqlim Konfransı və eləcə də 2025-ci ilin sentyabr ayında Nyu-York şəhərində BMT Baş Assambleyası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında keçirilmiş görüşlərin əhəmiyyəti vurğulanıb.

Azərbaycan və Yunanıstan arasında siyasi dialoqun davam etdirilməsinin ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyət kəsb etdiyi qeyd olunub. İqtisadiyyat, ticarət, investisiyalar, enerji, nəqliyyat-tranzit, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın mövcud olduğu diqqətə çatdırılıb.

Səfir Kristo Kapodistria öz növbəsində Yunanıstanın Azərbaycanda səfiri kimi fəaliyyətini xoş təəssüratlarla xatırlayacağını bildirib, ona fəaliyyətində göstərilən dəstəyə görə təşəkkür edib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button