Yeni dövlət portalı istifadəyə verildi

“Cənab prezident tərəfindən yüksək ixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə əmək fəaliyyətinə cəlb edilməsinin asanlaşdırılması, onların bilik-bacarıqlarının ölkəmizin sosial-iqtisadi inkişafına yönləndirilməsi və bu sahədə çevik idarəetmənin təmin edilməsi məqsədilə müvafiq Sərəncam imzalanmış və ölkəmizdə Yüksək İxtisaslı Miqrant Proqramı təsis edilmişdir”.
AZERFAX.AZ xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib:
“Bu proqram çərçivəsində müraciətlərin qəbulu, baxılması və cavablandırılmasının bir pəncərə prinsipi əsasında həyata keçirilməsinin təmin edilməsi üçün müvafiq portalın yaradılması barədə tapşırıq verilmişdir.
Sərəncam imzalanan gündən keçən dövr ərzində bu istiqamətdə qanunvericilik təkmilləşdirilmişdir. Yəni burada yüksək ixtisaslı miqrant anlayışının qanunvericilikdə yerləşdirilməsi təmin edilmiş və bu miqrantlara, bu şəxslərə müəyyən edilən güzəştlərin dairəsi müəyyənləşdirilmişdir.
Həmçinin, yüksək ixtisaslı miqrantın müəyyənləşdirilməsi qaydası, meyarları müəyyənləşdirilmişdir. Və bu meyarlar, bu qaydalar bu sahədə tətbiq olunan beynəlxalq təcrübəyə və standartlara uyğun bir yanaşmadır ki, bal metodu əsasında qiymətləndirilir. Yəni əcnəbilər öz bilik, bacarıq və təhsili, xüsusi bacarıqlarını qeyd etməklə tələb olunan 100 baldan minimum 70 balını topladığı halda, deməli bu həddi keçmiş sayılır və onların bu yönümlü müraciətlərinə aidiyyəti dövlət qurumları tərəfindən baxılır.
Bu portal bu gün artıq ictimaiyyətə təqdim ediləcək və elektron resurslarda çıxış üçün açıqdır. Portalın ünvanı pass.gov.az kimi müəyyən edilmişdir. Portalın əcnəbilərə xitab etdiyi nəzərə alınaraq portalın ünvanı ingilis dilində seçilmişdir.
Qısa, lakonik “Pass” sözü həmçinin ingilis dilində miqrasiya yönümlü keçid, icazə kimi də istifadə olunur. Və həmçinin ingilis dilində “Your Path to Azerbaijan fot success story” (Sizin Azərbaycana uğur hekayəniz üçün keçid) sözlərinin abreviaturasını birləşdirir. Və ümid edirik ki, bu portal həqiqətən bir sıra yüksək ixtisaslı əcnəbilər üçün Azərbaycanda öz uğur hekayələrini yaza bilmələri üçün geniş imkanlar təmin edəcəkdir.
Yüksək ixtisaslı miqrantlar yönəlik bir çox dövlətlərdə milli səviyyədə siyasətlər, proqramlar tətbiq edilir. Belə deyək, qlobal sahədə böyük bir rəqabət var bu yönümdə. Və hesab edirik ki, Azərbaycan da bu proqramı elan etməklə, təqdim etməklə bu yarışıa qoşulur.
Və ölkəmizdə olan sabitlik, dinamik, dayanıqlı inkişaf, turizmin təşviqi, investisiyaların təşviqi sayəsində həyata keçirilən tədbirlər, o cümlədən əcnəbilərin ölkəmizdə inteqrasiyası üçün daha rahat, daha uyğun bir şəraitin olması belə inteqrasiya yönümündən də müsbət qiymətləndirilməsi nəzərə alınaraq və tətbiq olunan güzəştlər də nəzərə alınaraq, hesab edirəm kifayət qədər rəqabət qabiliyyətli bir proqramdır.
Və bu proqramın geniş maraq doğurması, təbii ki, onun təşviqatından da asılıdır. Və bu baxımdan qısa müddət ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən, o cümlədən xaricdə də bizim xaricdə yerləşən səfirliklərimizə müvafiq məlumatlar və müvafiq media qurumlarına bu məlumatlar göndəriləcək. Və kütləvi informasiya vasitələrindən də bu sahədə dəstək göstərmələrini xahiş edirik və göstərdikləri diqqətə görə minnətdarlığımızı bildiririk.
Portal dörd dildə fəaliyyət göstərir. Və şərti olaraq dünyanın hər bir yerində yüksək ixtisaslı miqrant olmasını düşünən, iddia edən hər bir əcnəbi elektron qaydada bu portala müvafiq məlumatlarını daxil edə bilər. Və 20 gün ərzində əgər qiymətləndirmənin nəticəsi müsbət hesab edilərsə, bu məlumatı qəbul edə bilər. Və bunun əsasında Azərbaycana sadələşdirilmiş qaydada viza əldə edə bilər. Onun özü və ailə üzvləri yaşama icazələri əldə edə bilər. Gələcəkdə vətəndaşlığa qəbul üçün müraciət etmək imkanı əldə edə bilər. Həmçinin bu şəxslər iş icazəsindən azaddırlar.
Qeyd edilən portal o cümlədən işəgötürənlər üçün bir sıra imkanlar təmin edir. Yəni işəgötürənlər də bu portalda qeydiyyatdan keçməklə yüksək ixtisaslı əcnəbilərin bazasına keçid əldə edir. Və burada istədikləri şəxslə əlaqə qura bilər, ona müvafiq təkliflərini göndərə bilərlər.
Qeyd etmək istəyirəm ki, yüksək ixtisaslı əcnəbilər ölkəyə özləri ilə sadəcə bilik və bacarıq deyil, eyni zamanda innovativ yanaşma və əmək bazarında mövcud olan müəyyən boşluqların doldurulması və uzunmüddətli baxanda ölkədə yaşamalarının müsbət təsirləri olan bir kateqoriya şəxslərdir.
Hesab edirik ki, qısa müddət sonra biz bu proqramın müsbət nəticələri barədə müəyyən statistikaları və məlumatları sizinlə paylaşa biləcəyik”.
Sevinc İbrahimzadə / AZERFAX.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


