Stadionları səhv saldı, ÇL əvəzinə üçüncü divzionun oyununa baxdı

İngiltərədə keçirilən Çempionlar Liqası oyununda maraqlı hadisə yaşanıb.
AZERFAX.AZ xəbər verir ki, martın 10-da “Nyukasl” və “Barselona” komandaları arasında görüş (1:1) baş tutub. Lakin qonaq azarkeşlərdən biri görüşə gəlmək istəyərkən səhv stadiona yollanıb.
Belə ki, azarkeş “Nyukasl”ın oynadığı “Sent-Ceyms Park” stadionuna getmək əvəzinə “Ekseter Siti” klubunun istifadə etdiyi eyniadlı arenaya gəlib. Həmin gün burada İngiltərə Liqa 1-in (ölkənin üçüncü divizionu) “Ekseter Siti” – “Linkoln Siti” oyunu keçirilib.
“Ekseter Siti” klubunun əməkdaşları azarkeşin səhv etdiyini anlayaraq ona bilet hədiyyə ediblər ki, futbol axşamı tamamilə boşa getməsin. Nəticədə azarkeş Çempionlar Liqasının oyunu əvəzinə İngiltərə Liqa 1 matçını izləyib.
“Düşünürəm ki, o, telefonunda sadəcə “Sent-Ceyms Park” yazıb və göstərilən marşrutla gedib. O, çox məyus idi və bir qədər də utanmışdı. Buna görə də ona bilet verdik və o da əsl “Sent-Ceyms Park”da futbol matçına baxa bildi”, – deyə “Ekseter Siti”nin azarkeşlərlə iş üzrə əməkdaşı Adam Spenser bildirib.



