Avropada korrupsiya şəbəkəsi və Azərbaycana qarşı qərəzli iddialar

Son günlər Avropa siyasi dairələrinə aid olduğu iddia edilən bir video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Kadrlarda BMT Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo və onun oğlu Tomas Moreno Okamponun səsləndirdiyi fikirlər fonunda Avropa İttifaqının ali strukturları, xüsusilə Avropa Komissiyasının sədri Ursula von der Leyen, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrell, eləcə də Avropa Parlamenti çərçivəsində fəaliyyət göstərən mexanizmlərdən siyasi təsir vasitəsi kimi istifadə oluna biləcəyi ilə bağlı iddialar yer alır.
Görüntülərdə həmçinin Cənubi Qafqaz gündəmi, Azərbaycanla bağlı məsələlər və Ermənistan ətrafında cərəyan edən proseslər fonunda Avropa institutlarının qərarvermə mexanizmlərinə təsir imkanlarından bəhs olunduğu iddia edilir. Eyni zamanda Ermənistanın daxili siyasi vəziyyəti, baş nazir Nikol Paşinyan ətrafında gedən müzakirələr və regiondakı proseslərin istiqamətinə dair səsləndirilən fikirlər də diqqət çəkir.
AZERFAX.AZ mövzunu artıq geniş rezonans doğurduğunu nəzərə alaraq, politoloq Oqtay Qasımovla bu haqda danışıb. Siyasətçi məsələni geniş şəkildə şərh edib.
Bu, yeni yaranmış sistem deyil
Politoloq dedi ki, Avropa strukturlarının tərkibində fəaliyyət göstərən xeyli sayda məmur və siyasətçilərin korrupsiya və rüşvət müqabilində lobbiçilik etdiyi və müxtəlif ölkələrin, qrupların maraqlarını güddüyü sirr deyil. O vurğulayıb ki, bununla bağlı zaman-zaman Avropa mediasında məsələlər qaldırılıb və eyni zamanda bəzi deputatların səlahiyyətlərinin dayandırılması halları da müşahidə olunub.
Qasımov qeyd edib ki, keçmiş cinayət məhkəməsinin prokuroru Okamponun və oğlunun yaratdığı şirkət ətrafında da müzakirələr yaranıb. Onun sözlərinə görə, həmin struktura lobbiçilik fəaliyyəti ilə bağlı müxtəlif şəxslərin cəlb olunması, xüsusilə də Avropa Komissiyasının keçmiş rəhbəri, təhlükəsizlik üzrə komissarın Josep Borrell adının çəkilməsi məsələyə yeni çalarlar gətirib. O əlavə edib ki, bu cür “öz vicdanını satmış siyasətçilər” pul müqabilində müxtəlif rollara girə bilirlər.
Anti-Azərbaycan mövqeyi uzun illərdir davam edir
Politoloq bildirib ki, Josep Borrellin son beş ildə Azərbaycana qarşı apardığı əks-təbliğat və qərəzli mövqe diqqətdən yayınmayıb. O vurğulayıb ki, Azərbaycan dəfələrlə ən yüksək səviyyədə bu yanaşmaya etirazını ifadə edib.
Bu çağırışlar davam edəcək
Qasımov qeyd edib ki, sözügedən məsələlər Azərbaycan üçün yeni deyil və Avropa strukturlarında uzun illərdir kök salmış bir tendensiyanın tərkib hissəsidir. Onun sözlərinə görə, Niderland və Belçika parlamentlərində qəbul edilən Azərbaycana qarşı qətnamələr, eləcə də Avropa Parlamentində bəzi dairələrin mövqeləri bu qərəzli yanaşmanın göstəricisidir.
Diplomatik və informasiya imkanları genişləndirilməlidir
Politoloq vurğulayıb ki, Azərbaycan diplomatik səylərini, eləcə də informasiya və təbliğat imkanlarını daha da genişləndirməlidir. O qeyd edib ki, bu cür iddialara vaxtında və əsaslandırılmış cavablar verilməlidir.
Qasımov əlavə edib ki, qlobal sistemin işləmə mexanizmi də bəzən bu reallıqları özündə ehtiva edir. Onun sözlərinə görə, Avropa strukturlarında bürokratikləşmə və korrupsiya elementləri uzun illərdir formalaşmış bir sistemin göstəricisidir.
Sonda isə politoloq bildirib ki, Avropa ölkələri ilə Azərbaycanın münasibətləri inkişaf edir və son dövrlərdə bir neçə Avropa ölkəsi liderinin Azərbaycana səfərləri də bu əlaqələrin genişlənməsinə verilən önəmin göstəricisidir.
Müəllif: Adəm Abbaslı



