Avropadan Rusiya ilə bağlı qərar: Müharibə bitsə belə…

Avropa İttifaqının (Aİ) baş diplomatı Kaya Kallas Rusiya ilə münasibətlərin gələcəyinə dair sərt və kəskin bəyanatla çıxış edib. O, Ukraynadakı müharibə sona çatdıqdan sonra belə, Moskva ilə əvvəlki əlaqələrin bərpasının qeyri-mümkün olduğunu vurğulayıb.
AZERFAX.AZ xəbər verir ki, Kallas bu barədə Baltikyanı və Şimali Avropa ölkələrinin xarici işlər nazirləri ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.
Kallas bildirib ki, Avropa ölkələri bu məsələdə həmrəydir: “Hamımız razıyıq ki, Moskva Ukraynadakı müharibəni dayandırsa belə, Rusiya ilə adi münasibətlərə qayıdışdan söhbət gedə bilməz”.
Diplomatın sözlərinə görə, Aİ-nin yeni strategiyası Rusiyaya qarşı daha sərt addımları nəzərdə tutur. Buraya əlavə sanksiyaların tətbiqi və keçmiş Rusiya hərbçiləri üçün Avropanın qapılarının tamamilə bağlanması kimi bəndlər daxildir.
Avropanın bu kəskin mövqeyinin əksinə olaraq, Rusiya prezidenti Vladimir Putin tam fərqli mesajlar verib. Rusiya lideri Moskvanın həm Vaşinqtonla, həm də Avropa paytaxtları ilə qarşılıqlı fəaliyyətdə maraqlı olduğunu bildirib.
Putinin fikrincə, belə bir əməkdaşlıq bütün tərəflərin xeyrinə olar. Lakin o, əsas şərtini də açıqlayıb: “Dialoq yalnız bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında qurulmalıdır”.
Putin həmçinin Qərb tərəfdaşlarını “fırıldaqçılıq” və aldatma cəhdlərindən çəkinməyə çağırıb.
Müəllif: Adəm



