21 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı

Kürdəmir rayonunda əri tərəfində qətlə yetirildiyi bildirilən 21 yaşlı Lamiyə İsmayıl qızı Bəşirova ilə bağlı təfərrüat məlum olub.
Lamiyənin anası Baku TV-yə bildirib ki, qızının qətlə yetirilməsinə səbəb onun işləmək istəyi olub.
“Aralarında söz-söhbətlər olurdu. Qız işləmək istəyirdi. Yoldaşı isə deyirdi ki, işləyə bilməzsən, başına oyun açacağam. Görüb ki, Lamiyə marketdə işləyir, işə gedərkən gəlib bıçaqla hücum edib. Qonşu gəlib dedi ki, qız yolda qanın içində qalıb”, – mərhumun anası bildirib.
Hadisəni törətməkdə şübhəli bilinən Natiq Bəşirov rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Cütlük 2024-cü ildə ailə qurub və onların bir yaş yarımlıq övladı var. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Kürdəmirdə mübahisə qanlı sonluqla nəticələnib.
AZERFAX.AZ Mətbuat.az-a istinadən xəbər verir ki, Kürdəmir rayonunda ər arvadını qətlə yetirib.
Hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb. Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində ər Natiq Araz oğlu Bəşirov həyat yoldaşı – 21 yaşlı Lamiyə İsmayıl qızı Bəşirovanı qətlə yetirib. Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Qadının cansız bədəni ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Natiq Bəşirov polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, cütlük 2024-cü ildə ailə qurub və bu izdivacdan onların yaşyarımlıq övladları da var. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.



