AZERFAX TV

Köçəryan ruslara danışdı, Paşinyana xəbərdarlıq etdi: Ermənistan təhlükəli oyuna girib

Ermənistanın sabiq prezidenti, Xocalı qatili Robert Köçəryan ölkəsinin böyük dövlətlər arasındakı ziddiyyətlərə qoşulmamalı olduğunu bildirib.

AZERFAX.AZ xəbər verir ki, o, RBK telekanalına müsahibəsində İrəvanın öz iqtisadi maraqlarından çıxış etməsinin vacibliyini vurğulayıb.

Köçəryanın sözlərinə görə, Ermənistan tərəfdaş ölkələrin və böyük dövlətlərin təhlükəsizliyinə təhdid kimi qiymətləndirə biləcəyi addımlardan çəkinməlidir. O qeyd edib ki, münaqişələrdən fayda əldə etmək cəhdi yalnız bir tərəflə münasibətləri yaxşılaşdırmağa, digər tərəflə isə əlaqələrin pozulmasına gətirib çıxara bilər. Onun fikrincə, bu yol Ermənistan üçün olduqca risklidir.

Keçmiş prezident hakimiyyətin siyasi bəyanatları ilə ölkənin iqtisadi reallıqları arasında ziddiyyət olduğunu da bildirib. O qeyd edib ki, Avropaya inteqrasiya ilə bağlı səsləndirilən fikirlər Ermənistan iqtisadiyyatının getdikcə daha çox Rusiya bazarından asılı vəziyyətə düşməsi ilə uzlaşmır.

Köçəryan mövcud vəziyyəti “siyasi və geosiyasi şpaqat” adlandıraraq, hakimiyyətin xarici iqtisadi kursunun Ermənistanın maraqlarına uyğun gəlmədiyini deyib.

Bununla yanaşı, o, Avropa ilə iqtisadi əlaqələrin inkişafına qarşı olmadığını vurğulayıb. Sabiq prezidentin fikrincə, Avropa istiqaməti real iqtisadi maraqlarla müşayiət olunmalıdır, lakin hazırda bunun əksinin baş verdiyini düşünür.

Qeyd edək ki, son dövrlər Ermənistanın Avropa İttifaqına yaxınlaşması fonunda İrəvanla Moskva arasında münasibətlərdə gərginlik müşahidə olunur. Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl ölkəsinin Avrasiya İqtisadi İttifaqından çıxmasının gündəmdə olmadığını bildirsə də, bu məsələ ətrafında müzakirələr davam edir.

Adəm

Related Articles

Bir cavab yazın

Back to top button