Müdafiə Nazirliyinin yüksək vəzifəli məmuru qaçırıldı

Haitidə silahlı şəxslər Müdafiə Nazirliyinin aparat rəhbəri və milli polisin baş müfəttişi vəzifələrini icra edən Ceyms Boyarı qaçırıblar.
AZERFAX.AZ “Associated Press”ə itinadla xəbər verir ki, Boyar ölkədə davam edən təhlükəsizlik böhranı fonunda son illərdə qaçırılan ən yüksək vəzifəli dövlət rəsmisi hesab olunur.
Yerli KİV-in məlumatına görə, hadisə cümə axşamı paytaxt Port-o-Prensin nisbətən təhlükəsiz hesab olunan Burdon rayonunda baş verib. Eyni zamanda, paytaxtın təxminən 70 faizinin ABŞ-ın terror təşkilatı kimi tanıdığı “Viv Ansanm” silahlı qruplaşmalar koalisiyasının nəzarətində olduğu bildirilir.
Haiti polisinin islahatı və silahlı qüvvələrin bərpası ilə məşğul olan Boyar ölkənin hüquq-mühafizə sisteminin modernləşdirilməsində mühüm rol oynayıb. Qaçıranların kimliyi və mümkün fidyə tələbləri hələlik təsdiqlənməyib. Ekspertlər qeyd edirlər ki, bu əməliyyat rəsmiləşdirilmiş və diqqətlə planlaşdırılmış bir hərəkət ola bilər.
Təhlilçilərin sözlərinə görə, Haitidə qaçırma halları əvvəllər təhlükəsiz hesab olunan bölgələrdə belə tez-tez baş verir. Bandit qruplaşmaları bəzən saxta “əməliyyatlar” və keçid məntəqələri təşkil etmək üçün polis formasından istifadə edirlər.
BMT-nin qiymətləndirmələrinə görə, ölkədə qaçırma halları yüksək aktivlik nümayiş etdirir: təkcə son aylarda yüzlərlə, ötən il ərzində isə mindən çox belə hadisə qeydə alınıb. Hadisələrin ümumi sayında müəyyən azalma olsa da, yüksək vəzifəli şəxslərin və əcnəbilərin qaçırılması silahlı qrupların təzyiq alətlərindən biri kimi qalmaqdadır.
Hüseyn İbadlı



