AZERFAX TV

Mehdiyev qızının ölümü ilə bağlı şok detalları açdı

Vəkil Fərhad Mehdiyev Abşeron Rayon Mərkəzi Xəstəxanasına qarşı bir sıra ciddi iddia səsləndirib.

AZERFAX.AZ xəbər verir ki, o, sosial şəbəkə hesabında qızı Zəhranın xəstəxanadan cəmi 300-400 metr məsafədə yerləşən ərazidə qəzaya düşdüyün qeyd edib.

F. Mehdiyev təcili tibbi yardım briqadasının hadisə yerinə göndərilmədiyini bildirib.

Vəlilin sözlərinə görə, Zəhra hadisə yerindən xüsusi tibbi avadanlıq və boyun fiksatoru olmadan, yaxınlıqdakı şəxslərin yardımı və taksi ilə xəstəxanaya çatdırılıb:

“Təcili tibbi yardım əməkdaşları ilkin qiymətləndirmə aparmalı, boyun korseti və digər zəruri tibbi vasitələrdən istifadə etməli, lazım gəldikdə intubasiya və infuziya tədbirlərini hadisə yerində həyata keçirməli idilər”.

Vəkil qızının ağır qan itkisi verdiyini, sol bud sümüyündə açıq qırıq olduğunu qeyd edib. O iddia edib ki, 17 yaşlı Zəhraya qan köçürülməyib və açıq yaraya tikiş də atılmayıb:

“Hadisə 16:43-16:44 radələrində baş vermişdi. Zəhranın ürəyi saat 20:20-yə qədər döyünürdü. Lakin hadisədən sonra təxminən 3 saat 40 dəqiqə ərzində ürəyi döyünən uşağı xilas etmək mümkün olmadı, yaxud bunun üçün ciddi cəhd göstərilmədi”.

F.Mehdiyev qeyd edib ki, qızının aldığı xəsarətlər çoxsaylı və ağır olsa da, xəstəxana heyətinin onun yaşamaq şansını əvvəlcədən çox aşağı qiymətləndirdiyi təəssüratı yaranıb.

O, həmçinin daha əvvəl Abşeron Rayon Mərkəzi Xəstəxanasında kompüter tomoqrafiyası (KT) aparatının işləməməsi ilə bağlı da məsələ qaldırdığını xatırladıb.

Vəkil hesab edir ki, əgər xəstəxanada ağır travmalı xəstələrə operativ müdaxilə və geniş reanimasiya imkanları məhduddursa, bu barədə ictimaiyyət məlumatlandırılmalıdır. O, eyni zamanda, TƏBİB-i Abşeron RMX-nin təcili tibbi yardım şöbəsinin maddi-texniki bazasının və personalın peşə hazırlığının gücləndirilməsi istiqamətində addımlar atmağa çağırıb.

F.Mehdiyevin fikrincə, ağır qəzalar zamanı ilkin tibbi yardımın düzgün və vaxtında göstərilməsi xəstənin həyatının xilas edilməsində həlledici rol oynayır. O vurğulayıb ki, geniş əraziyə xidmət göstərən bu tibb müəssisəsində xidmətlərin yüksək səviyyədə təşkili xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, tanınmış vəkil Fərhad Mehdiyevin qızı iyunun 16-da Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Related Articles

Bir cavab yazın

Back to top button