AZERFAX TV

Şirlər üç günə iki nəfəri yedi

Hindistanın Qucarat ştatında nadir rast gəlinən Asiya şirlərinin hücumu nəticəsində üç gün ərzində iki nəfər həyatını itirib. Hadisələr bu yırtıcıların dünyada son sığınacağı hesab olunan Gir meşəsi qoruğu yaxınlığında qeydə alınıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

İlk qurban Qadhada kənd sakini Naqci Qucariya olub. O, iyunun 15-də itkin düşüb, iki gün sonra isə kənd yaxınlığında onun qalıqları aşkarlanıb. Hadisə yerində aparılan araşdırma zamanı şir yalına aid tüklər tapılıb və bununla da hücumun vəhşi heyvanlar tərəfindən törədildiyi təsdiqlənib. Daha sonra həmin ərazidə kişinin ölümündə şübhəli bilinən iki şir tutulub.

İkinci hadisə Kovaya kəndində baş verib. Yolkənarı iaşə obyektində çalışan kişi iyunun 16-da gecə saatlarında müəssisədən uzaqlaşdıqdan sonra yoxa çıxıb. Ona təhlükə ilə bağlı xəbərdarlıq edilsə də, buna əməl etməyib. Bir müddət sonra onun da qalıqları yaxınlıqdan tapılıb. Hadisə yerinin ətrafında dörd şir tutulub və onların həmin şəxsə hücum etdiyi ehtimal olunur.

Beləliklə, meşə mühafizə xidmətinin əməkdaşları üç gün ərzində ümumilikdə altı yırtıcını nəzarətə götürüblər. Hazırda heyvanlar mütəxəssislərin müşahidəsi altındadır və onların davranışları araşdırılır.

Mütəxəssislər hesab edirlər ki, hücumların səbəbi təbii ov ehtiyatının azalması və ya şirlərin insanların yaşadığı ərazilərə həddindən artıq yaxınlaşması ola bilər.

Qucaratın Meşə Təsərrüfatı Departamenti qoruq ətrafında yaşayan sakinlərə gecə saatlarında tək hərəkət etməməyi və yırtıcıların istifadə etdiyi cığırlardan uzaq durmağı tövsiyə edib. Ərazidə patrul nəzarəti də gücləndirilib və əlavə xəbərdarlıq nişanları quraşdırılıb.

Adəm

Related Articles

Bir cavab yazın

Back to top button