Ölkə

Bakı beynəlxalq qastroenterologiya elminin mərkəzinə çevrildi: “Xəzər Görüşləri 6” Konqresi uğurla başa çatdı

İyunun 27-28 tarixlərində Bakı şəhərində Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin təşkilatçılığı ilə “Xəzər Görüşləri 6” Beynəlxalq Qastroenterologiya Konqresi uğurla keçirilib.
Müasir qastroenterologiya və invaziv endoskopiya sahəsində elmi yeniliklərin, qabaqcıl klinik təcrübələrin və innovativ müalicə metodlarının müzakirəsinə həsr olunan konqres yerli və xarici mütəxəssisləri bir araya gətirib.


İki gün davam edən tədbirdə müxtəlif ölkələrdən tanınmış alim və həkimlər çıxış edərək həzm sistemi xəstəliklərinin diaqnostikası, müalicəsi, endoskopik müdaxilələr, süni intellektin tibbdə tətbiqi, eləcə də qastroenterologiyanın aktual problemləri ilə bağlı məruzələr təqdim ediblər. Sessiyalar çərçivəsində iştirakçılar arasında geniş elmi müzakirələr aparılıb, təcrübə mübadiləsi həyata keçirilib və gələcək əməkdaşlıq perspektivləri dəyərləndirilib.
Konqresin əsas məqsədi qastroenterologiya sahəsində ən son elmi nailiyyətlərin Azərbaycan tibb ictimaiyyətinə çatdırılması, yerli mütəxəssislərin beynəlxalq təcrübəyə çıxış imkanlarının genişləndirilməsi və bu sahədə peşəkar əməkdaşlığın daha da möhkəmləndirilməsi olub.
“Xəzər Görüşləri” artıq ənənəvi beynəlxalq elmi platformaya çevrilərək Azərbaycanın regionda tibb elminin və səhiyyə əməkdaşlığının inkişafına verdiyi töhfənin bariz nümunələrindən biri kimi qiymətləndirilir. Belə mötəbər tədbirlərin Bakıda keçirilməsi ölkəmizin beynəlxalq tibbi konqreslər üçün cəlbedici mərkəzə çevrildiyini, eyni zamanda Azərbaycan qastroenterologiyasının inkişaf səviyyəsini və dünya elmi məkanına inteqrasiyasını bir daha nümayiş etdirir.
Konqres iştirakçıları tədbirin yüksək təşkilatçılıq səviyyəsini xüsusi qeyd edərək, “Xəzər Görüşləri”nin gələcək illərdə də beynəlxalq elmi əməkdaşlığın inkişafına mühüm töhfələr verəcəyinə əminliklərini ifadə ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button