Ukrayna Rusiyanın “LUKOYL” neft emalı zavodunu vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi logistikasına və iqtisadi infrastrukturuna ağır zərbə vurmaq məqsədilə növbəti genişmiqyaslı əməliyyatını həyata keçirib.
AZERFAX.AZ xəbər verir ki, gecə saatlarında baş verən koordinasiyalı pilotsuz uçuş aparatı (PUA) hücumları nəticəsində Rusiyanın daxili regionlarında yerləşən strateji neft emalı zavodunda güclü yanğın başlayıb, cəbhə xəttində isə düşmənin mühüm hərbi obyektləri sıradan çıxarılıb.
Yerli sakinlərin və Ukrayna Müdafiə Nazirinin müşaviri Serhi Sternenkonun iyulun 2-də verdiyi məlumata görə, gecə saatlarında reallaşdırılan PUA hücumundan sonra Nijni Novqorod vilayətinin Kstovo şəhərində yerləşən “Lukoyl-Nijeqorodnefteorqsintez” neft emalı zavodunda nəhəng yanğın qeydə alınıb.
Sternenko PUA-ların zavodu uğurla hədəf aldığını təsdiqləyib. Illik layihə emal gücü 17 milyon ton neft təşkil edən bu müəssisə, Rusiyanın dördüncü ən böyük neft emalı zavodudur və təcavüzkar ölkənin ordusu üçün benzin və dizel yanacağının əsas istehsalçılarından biri rolunu oynayır.
Qeyd edək ki, Ukrayna Müdafiə Qüvvələri bundan əvvəl də — 2026-cı ilin mayın 18-də və 20-də Kstovo zavoduna təkrar zərbələr endirmişdi. Həmin hücumlar nəticəsində zavodun kritik əhəmiyyətli “AVT-6” ilkin neft emalı qurğusuna ciddi ziyan dəymiş və müəssisə fəaliyyətini dayandırmağa məcbur olmuşdu. Bu son zərbə isə bərpa işlərini tamamilə iflic edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



