Böyük Qayıdış çərçivəsində neçə qadın işlə təmin olunub?


İşğaldan azad edilmiş ərazilərə köçürülən qadınların məşğulluğunun təmin edilməsi istiqamətində aktiv məşğulluq proqramları həyata keçirilir. Artıq həmin ərazilərə köçürülmüş iqtisadi fəal sakinlərdən 4 200 nəfərə yaxın qadının məşğulluğu təmin olunub.
Mətbuat.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya departamentinin müdir müavini Natiq Pənahlı saytın sorğusuna cavab olaraq məlumat verib.
Onun sözlərinə görə, Dövlət Məşğulluq Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə qadınların məşğulluq imkanlarının genişləndirilməsi, peşə bacarıqlarının inkişaf etdirilməsi və əmək bazarında dayanıqlı iştirakının təmin olunması istiqamətində tədbirlər görülür.
N.Pənahlı bildirib ki, azad edilmiş ərazilərdə özünüməşğulluq proqramına cəlb olunan 895 nəfər sakindən 386-sı qadındır. Onlara təqdim olunan aktivlər hesabına kənd təsərrüfatı, istehsal və xidmət sahələrində kiçik ailə təsərrüfatları yaradılıb.
Bundan əlavə, peşə hazırlığı kurslarına cəlb olunan 552 nəfər sakindən 377-si qadındır.
Ümumilikdə isə Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Agentlik rəsmisinin sözlərinə görə, görülən tədbirlər nəticəsində doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 11 256 nəfərin məşğulluğu təmin olunub. Onlardan 8 374 nəfər münasib işlə təmin edilib, 907 nəfər isə özünüməşğulluq proqramına cəlb olunub.
İşğaldan azad edilmiş ərazilərdə əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin edilməsi məqsədilə işəgötürənlərlə birgə peşə hazırlığı kursları da təşkil olunur. İndiyədək 558 nəfər bu kurslara cəlb edilib.
N.Pənahlı Qarabağ və Şərqi Zəngəzurda keçirilən əmək yarmarkalarının da sakinlərin məşğulluğunun təmin edilməsində mühüm rol oynadığını qeyd edib. Onun sözlərinə görə, ötən dövrdə həmin ərazilərdə 43 əmək yarmarkası keçirilib.
Agentliyin əməkdaşları tərəfindən köçürülən sakinlərlə mütəmadi görüşlər keçirilir, aktiv məşğulluq tədbirləri barədə məlumat verilir və onların bu proqramlara cəlb edilməsi üçün qeydiyyat aparılır.
“Hazırda köçürülən sakinlərdən daha bir qrup şəxsin məşğulluğunun təmin edilməsi istiqamətində də müvafiq işlər davam etdirilir”, – deyə Natiq Pənahlı əlavə edib.



