Dəyişiklik üçün FİFA-nın təsdiqi gözlənilir

İtaliya millisi dünya çempionatına ardıcıl üçüncü dəfə vəsiqə qazana bilmədikdən sonra yeni başlanğıc üçün Roberto Mançinini seçib.
AZERFAX.AZ xəbər verir ki, yeni baş məşqçi hazırda başqa ölkənin millisində oynamaq hüququ olan, lakin İtaliya yığmasında çıxış edə biləcək futbolçuları dünyanın müxtəlif yerlərində axtarır.
Ən diqqətçəkən nümunə Nikola Tresoldidir. 2004-cü il təvəllüdlü “Brügge” hücumçusu mövsümün ilk 4 oyununda 4 qol vurub. Kalyaridə anadan olan futbolçu Almaniyanın 21 yaşadək futbolçulardan ibarət millisində də çıxış edib. Roberto Mançini onu razı salmaq üçün şəxsən telefonla əlaqə saxlayıb. İtaliya isə Millətlər Liqasının başlayacağı 18 sentyabra qədər futbolçunun milli komanda seçimini dəyişməsinə FİFA-nın təsdiqini almağa çalışır.
“La Gazzetta dello Sport”un məlumatına görə, Nikola Tresoldi artıq Mançininin təklifinə müsbət cavab verib. Almaniyanın 21 yaşadək futbolçulardan ibarət millisində 24 oyunda 12 qol vuran hücumçu milli komanda seçimini dəyişərək İtaliyanı təmsil etmək qərarına gəlib.
Bəs Almaniyanın aşağı yaş qrupları üzrə milli komandalarında rəsmi oyunlarda çıxış etmiş Tresoldi milli komanda seçimini necə dəyişə bilər? Cavab FİFA-nın “Assosiasiyanın dəyişdirilməsi” qaydalarının 10-cu maddəsində yer alan “bir dəfəlik dəyişiklik” hüququ ilə bağlıdır.
Tresoldi İtaliyada doğulub və İtaliya vətəndaşlığına malikdir. FİFA-nın qaydalarına əsasən, aşağı yaş qrupları üzrə milli komandalarda rəsmi oyunlarda iştirak etmək futbolçunun milli komanda seçimini dəyişməsinə maneə yaratmır. Lakin futbolçu bir ölkənin əsas milli komandası ilə ilk rəsmi oyununa çıxdıqdan sonra artıq seçim dəyişikliyinə icazə verilmir.
Tresoldinin İtaliya millisinin heyətinə dəvət oluna bilməsi üçün futbolçunun razılığından sonra FİFA-nın da təsdiqi tələb olunur. Məqsəd onu sentyabrın 18-də Millətlər Liqasının ilk oyunları üçün açıqlanacaq heyətə daxil etməkdir.
İtaliya Millətlər Liqasının ilk fasiləsində sentyabrın 25-də Belçika, sentyabrın 28-də Türkiyə, oktyabrın 2-də Fransa və oktyabrın 5-də yenidən Türkiyə ilə qarşılaşacaq.



