17 yaşlı oğlan İspaniyaya keçmək üçün futbol klubunun avtobusuna gizləndi

İspaniyada qeyri-adi hadisə yaşanıb.
AZERFAX.AZ xəbər verir ki, 17 yaşlı mərakeşli yeniyetmə İspaniyaya keçmək məqsədilə “Real Valladolid” futbol klubunun avtobusunun alt hissəsində gizlənib.
İspaniyanın “Marca” nəşrinin məlumatına görə, hadisə komandanın İspaniyanın Seuta şəhərindən qayıdışı zamanı baş verib. Yeniyetmə komandanın “Seuta” ilə keçirdiyi matçdan sonra avtobusa limanda daxil olub və nəqliyyat vasitəsinin alt hissəsində gizlənərək Cəbəllütariq boğazını keçməyə çalışıb.
“Real Valladolid” bazar günü “Alfonso Murube” stadionunda “Seuta” ilə 1:1 hesablı heç-heçə edib. Qarşılaşmadan sonra komandanın avtobusu saat 21:30-da Seuta limanından ayrılaraq Alhesiras istiqamətində hərəkətə başlayıb.
Avtobus yola düşdükdən bir saatdan çox sonra, “Jerez de la Frontera” şəhərinə yaxınlaşarkən komanda üzvləri aşağı hissədən kömək səsləri eşidiblər. Sürücü və klub nümayəndələri dərhal avtomobili saxlayaraq səsin gəldiyi yeri yoxlayıblar.
Yoxlama zamanı yeniyetmənin avtobusun oxlarından birinin içərisində gizləndiyi müəyyən edilib. Onun uzun müddət bu vəziyyətdə yol getdiyi məlum olub.
Hadisədən sonra yeniyetmə tibbi müayinədən keçirilib. İlkin yoxlama zamanı onun vəziyyətinin stabil olduğu, yalnız bir neçə yüngül əzilmə aldığı müəyyənləşib.
17 yaşlı oğlan daha sonra zəruri hüquqi prosedurların həyata keçirilməsi üçün aidiyyəti qurumların əməkdaşlarına təhvil verilib.



