İranın dini amil üzərindən Azərbaycana təsir cəhdləri


İranla Azərbaycan arasında tarixi, dini və mədəni bağlar mövcud olsa da, qarşı tərəfin siyasi ambissiyaları üzündən zaman-zaman fikir ayrılıqları meydana gəlib. Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, milli maraqlarını əsas götürməsi və regionda yaranan yeni geosiyasi reallıqlar Bakı ilə Tehran arasındakı ziddiyyətləri daha qabarıq şəkildə üzə çıxarıb.
AZERFAX.AZ xəbər verir ki, İran rəsmilərinin bəzi açıqlamaları, verdikləri mesajlar və atdıqları addımlar Azərbaycan cəmiyyətində narahatlıq doğurur. Xüsusilə ölkəmizin daxili məsələləri ilə bağlı kənardan səsləndirilən fikirlər və müdaxilə təsiri bağışlayan yanaşmalar suverenlik prinsipinə ziddir. Çünki müstəqil dövlətin daxili və xarici siyasətini müəyyənləşdirmək hüququ yalnız özünə məxsusdur. Bu, beynəlxalq münasibətlərin fundamental prinsiplərindən biridir və Tehranda da həmin reallıq nəzərə alınmalıdır.
Azərbaycan başqa dövlətlərin daxili işlərinə qarışmadığı kimi, digər ölkələrdən də eyni münasibəti gözləməkdə haqlıdır. Dövlətlərarası əlaqələr qarşılıqlı hörmətə, suverenliyə ehtirama və beynəlxalq hüququn normalarına əsaslanmalıdır. Bu prinsiplər arxa plana keçdikdə tərəflər arasında etimadı qorumaq və əməkdaşlığı inkişaf etdirmək çətinləşir.
İranın Azərbaycana münasibətdə zaman-zaman sərt ritorikaya üstünlük verməsi, təzyiq təsiri yaradan addımlar atması və ölkəmizin daxili məsələləri ətrafında mövqe bildirməsi ikitərəfli əlaqələrin inkişafını zədələyir. Qonşu dövlətlər arasında fikir ayrılıqlarının yaranması təbiidir. Ancaq bu ziddiyyətlər siyasi təzyiqə, qarşılıqlı ittihamlara və bir-birinin daxili işlərinə müdaxilə cəhdlərinə çevrilməməlidir.
Hicab məsələsi də dini dəyərlərin siyasi məqsədlər naminə gündəmə gətirilməsi baxımından diqqət çəkir. Rəsmi Tehranın dini amildən regiondakı təsir imkanlarını genişləndirmək üçün istifadə etməsi ilə bağlı narahatlıqlar Azərbaycan-İran münasibətlərində də özünü göstərir. Hicab mövzusunun ictimai və dini çərçivədən çıxarılaraq siyasi qarşıdurma vasitəsinə çevrilməsi, insanların dini həssaslıqları üzərindən cəmiyyətdə narazılıq yaratmaq cəhdləri problemin mahiyyətini dəyişir.
Halbuki hicab insanın şəxsi inancı, vicdanı və seçim hüququ ilə bağlı məsələdir. Dini dəyərlərə hörmət həmin mövzudan siyasi təzyiq vasitəsi kimi istifadə etməyi deyil, insanların inancına və hüquqlarına ehtiramla yanaşmağı tələb edir. Dini məsələlərin siyasi mübarizənin predmetinə çevrilməsi isə cəmiyyətdə əlavə gərginlik yarada və qarşılıqlı etimadı zəiflədə bilər. Buna görə də bu həssas mövzular ətrafında müzakirələr aparılarkən insanların hüquqları və cəmiyyətin sabitliyi nəzərə alınmalıdır.
Azərbaycanın mövqeyi isə dövlət suverenliyinin qorunmasına və milli maraqların təmin edilməsinə əsaslanır. Bakı müstəqil xarici siyasət yürüdür, regional proseslərdə öz prioritetlərini müəyyənləşdirir və milli maraqlarına toxunan məsələlərdə prinsipial mövqe nümayiş etdirir. Bu yanaşma beynəlxalq hüququn prinsiplərinə və dövlət suverenliyinə əsaslanır.
Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi üçün ən səmərəli yol sərt bəyanatlar və təzyiq ritorikası deyil, qarşılıqlı anlaşma və diplomatik dialoqdur. Azərbaycanın daxili siyasətini ölkə Konstitusiyası və qanunvericiliyi çərçivəsində fəaliyyət göstərən dövlət institutları müəyyənləşdirir. Bu reallığa hörmət etmək yalnız ikitərəfli əlaqələrin deyil, bütövlükdə regionda sabitliyin qorunması baxımından da vacibdir.
Unutmaq olmaz ki, dövlət sərhədləri yalnız xəritədəki xətlərdən ibarət deyil. Onların arxasında xalqın iradəsi, milli maraqlar və müstəqil dövlətçilik anlayışı dayanır. Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilən addımlar hansı formada təqdim olunmasından asılı olmayaraq, suverenlik prinsipinə hörmət kontekstində nəzərdən keçirilməlidir. Sağlam qonşuluq münasibətlərinin təməli də məhz bir-birinin müstəqilliyini, hüquqlarını və seçimlərini qəbul etməkdən keçir.



