Kral donanmasının yeganə buzqıran gəmisi sıradan çıxdı

Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin yeganə buzqıran gəmisi “HMS Protector” mühərrikində yaranan ikiqat nasazlıq səbəbindən ölkənin cənub-qərbindəki Devonport limanına qayıtmaq məcburiyyətində qalıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, mühərrikində iki nasazlıq yaranan gəmi Böyük Britaniyanı tərk edə bilməyib və onu Plimut şəhərində yerləşən Devonport limanına yedəkləyərək geri gətirmək məcburiyyətində qalıblar. Qəzanın səbəbi texniki xidmətlə bağlı problemlər ola bilər. Hazırda qurum zədələrin aradan qaldırılması imkanlarını qiymətləndirir. Əgər gəmini bərpa etmək mümkün olmasa, onun əvəzlənməsi ən tezi 2030-cu illərdə baş tuta bilər.
“Telegraph” qeyd edib ki, “HMS Protector” olmadan Böyük Britaniya Antarktika haqqında Müqavilə çərçivəsində Antarktika Ərazisi, Cənubi Georgiya və Cənubi Sendviç Adalarında daimi suveren iştirakı nəzərdə tutan öhdəliklərini yerinə yetirə bilməyəcək.
Böyük Britaniyanın əvvəlki buzqıran gəmisi “HMS Endurance” 2008-ci ildə zədələnərək deşilmişdi. Qəzetin məlumatına görə, buna “aşağı mühəndislik standartları” səbəb olmuşdu. “HMS Protector” onu yalnız təxminən üç il sonra əvəz etdi.
“HMS Protector” 2000-ci ildə Norveçdə inşa edilib. 2011-ci ildə Britaniya donanması gəmini ildə 8,7 milyon funt sterlinqə (təxminən 12 milyon dollar) icarəyə götürüb, 2013-cü ildə isə onu 51 milyon funt sterlinqə (təxminən 67 milyon dollar) satın alıb.
Hüseyn İbadlı



