“İrəvan xalçalarında ilmələrin rəqsi” bədii-sənədli filmi təqdim olundu

6 aprel 2025-ci il tarixində Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə “İrəvan Xalçalarında İlmələrin Rəqsi” adlı bədii-sənədli filmin təqdimat mərasimi baş tutub.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirin aparıcısı qonaqları salamlayaraq İrəvan xalçaçılıq məktəbinin mədəni irsimizdəki önəmindən, bu sahənin bədii və tarixi əhəmiyyətindən danışıb.
Açılış nitqləri ilə çıxış edən “Qeyd-Sosial Maarifləndirmə” ictimai birliyinin Baş katibi Aysel Tahirova “İrəvan xalçalarında ilmələrin rəqsi” adlı layihə haqqında ətraflı məlumat verib. O, çıxışında filmin ideya mənbəyi, çəkiliş prosesi və məqsədləri barədə danışıb. O qeyd etdi ki, layihənin əsas məqsədi İrəvan xalçaçılıq ənənələrinin qorunması, xalçalar üzərində əks olunan milli-mədəni dəyərlərin gələcək nəsillərə çatdırılması və bu sahəyə olan marağın artırılmasıdır. O, həmçinin filmin ərsəyə gəlməsində əməyi olan yaradıcı heyətə və dəstək göstərən qurumlara təşəkkürünü bildirib.
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Musa Qasımlı çıxış edərək “İrəvan xalçalarında ilmələrin rəqsi” filmi çərçivəsində həyata keçirilən layihənin əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, İrəvan xalçaçılıq məktəbi Azərbaycanın qədim və zəngin mədəni irsinin mühüm tərkib hissəsidir və bu məktəbin qorunması, eləcə də dünya ictimaiyyətinə tanıdılması milli yaddaşımızın yaşadılması baxımından son dərəcə vacibdir. Musa Qasımlı əlavə etdi ki, bu kimi layihələr tarixi həqiqətlərin işıqlandırılması və erməni saxtakarlıqlarına qarşı mübarizədə mühüm rol oynayır.
Daha sonra tədbir iştirakçıları “İrəvan Xalçalarında İlmələrin Rəqsi” bədii-sənədli filmini izləyiblər. Film izləyicilərə Azərbaycan xalçaçılıq sənətinin İrəvan qoluna aid bənzərsiz ornament və ilmələrin sirli dünyasını təqdim edib.
Tədbirin davamında “Qeyd-Sosial Maarifləndirmə” ictimai birliyinin sədri Tural Nurməmmədov mədəni irsimizin təbliğində və filmin ərsəyə gəlməsində xüsusi rolu olan şəxsləri təltif edib.
Qeyd edək ki, bu layihə Azərbaycan xalçaçılıq sənətinin unudulmaqda olan bir qoluna yenidən işıq salmaq, onu gələcək nəsillərə ötürmək və beynəlxalq aləmdə tanıtmaq məqsədi daşıyır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.