Gəncədən Dubaya qədər gedib çıxan “səbətlər” – «Nur Halal Gəncə Səbəti»nin rəhbəri danışdı

Azərbaycanda «Gəncə Səbəti» adı ilə məhşur olan, içərisi müxtəlif ekoloji təmiz, əksəriyyəti yerli kənd təsərrüfatı məhsulları ilə dolu olan bir brend mövcuddur. Əsasən bayramlar, xüsusən də özəl günlərdə insanlar bir birinə hörmət və diqqət əlaməti olaraq sovqatlarla dolu Gəncə səbətini hədiyyə edir. Bu gün Sizlərə Gəncə səbəti ilə bağlı ətraflı məlumatları çatdıracağıq.
«Gəncə səbəti» biznesi səbətdən başlayır
Deyilənlərə görə “Gəncə səbəti”nin tarixi bir neçə yüz il əvvələ gedib çıxır. Bunun üçün əvvəlcə səbətin özü lazımdır. Bu gün Gəncədə səbət hörmə ənənəsi incəsənətin bir qolu kimi qəbul edilir. Səbəthörmə sənəti, şəhərin qədim məhəllərindən sayılan Bağbanlarda daha geniş yayılıb, bu işlə əsasən kişilər məşğul olur. Gəncədə səbətlər müxtəlif ölçülərdə hörülür. Təyinatına və ehtiyaca görə daha çox şahmatşəkilli, ovalvari, bəzəkli, qulpsuz, həmçinin ikigözlü səbətlər hazırlanır. Bu səbətlər 10 kq-dan 60-70 kiloqrama qədər sovqat tutur.
Bu sənəti yaşadanlardan biri də yaşı 70-i haqlamış Vilayət Qurbanovdur. 26 yaşlı nəvəsi İsmət Rəhimovla birgə onlar Gəncədə səbət toxumaqla həm bu sənəti yaşadır, həm də güzaranlarını təmin edirlər. Vilayət usta deyir ki, 32 ildir ki, səbət toxumaqla məşğuldur:

“Bizim ata-babalarımız hələ SSRİ dövründən bu sənətlə məşğul olublar. İndi nəvəm də mənim yolumu davam etdirir. Zəhmətimizin bəhrəsini də görürük. Hazırda səbətlərimizə maraq böyükdür”.
Səbətlərin qiyməti tutumundan asılıdır: “20-25 kiloqram tutumu olan səbətlər 20-25 manata, 35-40 kq-lar 25-30 manata, 60-70 kiloqram sovqatı götürə biləcək səbətlər isə 35-40 manat arasında satılır. Bayramlarda daha çox 60-70 kiloluq səbətlər satılır. Çünki bu səbətlərdə yaxınlara, dost-tanışlara bayram payı göndərilir» deyə sənətkar bildirib.
Bu biznesin xüsusi özəllikləri var.
«Gəncə Səbəti» biznesi ilə məşğul olan ən peşəkar şirkətlərdən biri isə «Nur Halal Gəncə Səbəti»dir. Burada görüb-eşitdiklərim məni daha da təəcübləndirdi. Artıq 23 ildir sovqat səbətlərin hazırlanması ilə məşğul olan Hacı Rövşən Məmmədov Gəncə Səbəti işinin çox gəlirli və halal bir iş olduğunu deyir:
«Bizim atamız da ticarətçi olub. Mən 2000-ci ildən qardaşımla Gəncə Səbəti sovqat paylarının hazırlanması ilə məşğuluq. Bu işdə təmizliyə, dürüstlüyə və halallıqla keyfiyyətə fikir versən qazanc əldə etmək mümkündür».

Şirkətin uğurunun əsl səbəbi də məhsulların keyfiyyəti olub: «Mərkəzi bazarda balaca bir köşkümüz var idi. Biz hələ o vaxtlardan düzətdiyimiz səbətlərə ən keyfiyyətli məhsulları qoymağa üstünlük verirdik. Bu da bizə çoxlu sayda müştərilər qazandırdı. Bu gün bizim yüzlərlə daimi müştərilərimiz var. Bəzən bayram günlərində xüsusi sayda səbətlərdən başqa digər sifarişlər götürmürük. Çünki vaxtımız çatmır. Bayram günlərində orta hesabla 1000-ə yaxın səbətlər yığırıq. Onların hamısına ən keyfiyyətli, ekoloji təmiz kənd təsərrüfatı məhsulları qoyuruq ki, bu da müştərilərimizin ürəyincə olur. Adi günlərdə isə təxminən ayda 100-150 arası sifarişimiz olur» deyə Hacı Rövşən əlavə edir.
“Səbətə 9-11 kiloqramlıq dağ quzuları qoyuruq”
Hacı Rövşən «Gəncə Səbəti»nin menyusunu açıqlayır:
«Məsələn, biz səbətə 9-11 kiloqramlıq dağ quzuları qoyuruq. Mal ətinin ən yaxşı yerlərini xüsusi olaraq saxlatdırırıq. Kənd çolpalarını bizə Samuxda yaşayan bir fermer gətirir. Gəncə qaymağı, camış qatığı, Gəncə limonu, təndir çörəyi, göyərtilər də xüsusi olaraq səbət üçün götürürük. Səbətin içində olanlar həmişə ən keyfiyyətli və ən yaxşı məhsullar olur».

“50-100 fermer ailəsi ilə işləyirik, məhsulları illərdir eyni adamlardan alırıq“
«Nur Halal Gəncə Səbəti» şirkətinin rəhbəri səbət işinin artıq zərcirvarı biznes şəbəkəsinə çevrildiyini deyir. Onun sözlərinə görə uzun illər iş təcrübəsi onu göstərib ki, səbət işində təsadüfi adamlardan mal almaq olmaz:
«Bizim müştərilərimiz artıq məhsullarımızın keyfiyyətini, dadını belə yaxşı bilirlər. Buna görə də biz həmişə eyni adamlarla işləyirik. Bizim özümümüzün də təsərrüfatımız var. Orada bizə lazım olam kənd təsərrüfatı məhsullarını özümüzün nəzarətimiz altında yetişdiririk.
Şirkətimiz üçün keyfiyyətli məhsulların yetişdirilməsi üçün həmin ailələrə öncədən ödəniş etməklə maliyyələşdiririk. Yəni bizimlə işləyənlər artıq bilirlər ki, məhsulları əllərində qalmayacaq, biz də rahat oluruq ki, ehtiyac olduğu halda lazım olduğu qədər keyfiyyətli məhsulumuz var. Ümumilikdə bizim şirkətlə 50-dən çox ailə – fermer təsərrüfatı əməkdaşlıq edir. 100-ə yaxın adam Gəncə Səbətinin keyfiyyətli və halal məhsullarla təchiz olunması üçün çalışır».
Hacı Rövşən bildirir ki, «Gəncə Səbəti» üçün məhsul satan təsərrüfatların məhsulları orqanik, tam təbii olmalıdır – bu şərtdir: «Biz həmin fermerlərə ciddi nəzarət edirik. Kimsə məhsula hər hansı qatqı qatsa, onunla işi dərhal dayandırırıq. İndiyədək 10-dan artıq təsərrüfatla belə səbəbə görə əməkdaşlığı dayandırmışıq. Belə hallara sevinmirik, amma məhsulun keyfiyyətini aşağı salırlarsa, başqa yol yoxdur. Bəzi təsərrüfatlarla isə 20 ildən artıqdır ki, işləyirik – bu təsərrüfat bizə süd məhsulları təmin edir. Biz ümumiyyətlə hər məhsul üzrə bir deyil, bir neçə təsərrüfatla işləyirik».
«VİP Gəncə səbətinin orta qiyməti 500 manatdan 3000 manata qədər dəyişir”
Gəncə Səbətlərinə ən böyük tələbat bayram gündərində olur. Bunlar Novruz Bayramı, Yeni İl, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, Müstəqillik günü, Ramazan və Qurbayn Bayramları aiddir. Həmin günlərdə səbətlərə tələbat dəfələrlə artır: «Bayram günlərində təkcə 20 nəfər səbətlərin yığılmasını həyata keçirir.” deyə R. Məmmədov bildirib.

Səbətlərin qiymətlərinə gəldikdə isə Hacı Rövşən bunun səbətin işərisinə qoyulan məhsullardan çox asılı olduğunu deyir:
«VİP Gəncə səbətinin orta qiyməti 500 manatdan 3000 manata qədər dəyişə bilir. Təbii ki, bu alıcının sifariş etdiyi məhsulların sayından və keyfiyyətindən asılıdır. Məsələn tutaq ki, sifarişçimiz çox imkanlı şəxsdir o səbətə ən yaxşı və qiymətli malları qoymağa üstünlük verir. Məsələn, adicə kişmişin 10 manatlıq və 70 manatlıq növləri var. Təbii ki, içərisinə kiloqramı 70 manata olan kişmiş qoyulan səbət qiymətcə çox baha olacaq. Amma ümumilikdə əsasən biz səbətə 8-11 kiloqramlıq dağ şəraitində bəslənən quzuları, dağ şəraitində yetişdirilən körpə danaların bel ətini, kənd çölpaları, bəzən sifarişə uyğun hinduşka, özümüz bişirdiyimiz çovdar unundan çörəklər, dağda özümüz yetişdirdiyimiz bal, Gəncə qaymağı, camış qatığı, yuxa, Gəncə göyləri, meyvələr, tərəvəzlər qoyuruq. Səbətə qoyulan məhsulların 60-70 faizini öz təsərrüfatımızda yetişdiririk. Buna görə də halallığına və keyfiyyətinə tam zəmanət verə bilirik» deyə Hacı əlavə edib.

Hacı Rövşənin sözlərinə görə 2000-ci illərdən fərqli olaraq indi daha peşəkardırlar. Onların yığdıqları Gəncə səbətlərinin səsi sorağı nəinki Azərbaycanın şəhər və rayonlarından, hətta ölkə xaricindən də gəlir:
“Gəncə Səbət”lərini Dubaydan da sifariş edirlər
«Hələ o zamanlar biz Rusiyanın müxtəlif şəhərlərinə Gəncə səbətləri hazırlayıb çatdırırdıq. Günü bu gün də Moskvadan, Sankt Peterburqdan və digər pos sovet ölkələrinin şəhərlərində sifarişlər alırıq. Gəncə səbətləri göndərdiyimiz şəhərlər arasında İstambul, Ankara da var. Hətta Dubaydan belə sifarişlər alaraq ora da xüsusi qaydada, buzların köməkliyi ilə qablaşdrdığımız Gəncə səbətləri olub. «Bizə Dubaydan xeyli sifariş olunub göndərmişik. Dubaydan istəyiblər bizə Gəncə səbəbi göndərin, biz hazırlayıb veririk. Çatdırılması ilə biz məşğul olmuruq».
Hələlik xaricə gedən səbətlərin sayı çox deyil – ildə 100-150 səbət göndərilir. Amma bunların sayını artırmaq, Gəncə Səbətlərinin Avropaya da satışına başlamaq niyyətindədirlər.
Hacı Rövşən əlavə edib ki, bu işləri təkmilləşdirmək üçün artıq müsir texnologiyalardan da istifadə edirlər:
«Bizilirsiniz ki, indi 21 əsr, telefon və sosial şəbəkələr əsridir. Bütün əsas şəbəkələrdə şirkətimizin səhifələrini yaratmışıq. Ora səbətlərin hazırlanması və məhsulılarımız barədə məlumatları yerləşdirmişik. Hətta slyahıya daxil olan məhsulların necə yetişdirildikləri ilə bağlı videolar da qoymuşuq. Müştərilərimiz bura daxil olmaqla istədikləri məhsullarla istədikləri sayda və qiymətdə Gəncə səbətləri sifariş edə bilirlər” deyə Hacı Rövşən Məmmədov satış prosesini izah edir.
“Əksəriyyət Gəncə Səbətini hədiyyə kimi yox, gündəlik istifadə üçün alır”
Bununla yanaşı, qeyd edək ki, əksəriyyət Gəncə Səbətini təkcə hədiyyə kimi deyil, gündəlik istifadə üçün alır. «Buna görə də bizim hər gün sifarişimiz var, əsas satışımız bu alıcılaradır. Belələri təbii natural qidalardan istifadə etmək istəyənlərdir. Müştərilərin 70-75%-ni Bakı şəhəri təşkil edir. Amma rayonlarda, xüsusilə ətrafda, Ağstafadan tutmuş Şəmkir, Qazax, Goranboy, Yevlax rayonlarından da alıcılarımız böyükdür».
Hacı Rövşən Məmmədov AZERFAX.az-a bildirib ki, gələcəkdə şirkət bu adı patentləşdirmək və müəllif hüquqünu qorumaq niyyətindədir.
Məqsəd Rəhimov AZERFAX.az