10 nömrəli avtobusla bağlı şikayət: “1 saatdır yoldayam”

10 nömrəli avtobusun hərəkət intervalı və sürücünün sərnişinlərlə davranışı ilə bağlı şikayət var.
AZERFAX.AZ xəbər verir ki, məsələ ilə bağlı redaksiyamıza müraciət edən Günay Cavanşir adlı şəxs bildirib ki, 10 nömrəli marşrut avtobusunu Səməd Vurğun bağı yaxınlığında 46 dəqiqə gözləməli olub.
Onun sözlərinə görə, avtobus gəldikdə isə sərnişin sıxlığı səbəbindən minmək mümkün olmayıb:
“Bu gün də Yeni Yasamaldan 28 May istiqamətində hərəkət edən 10 nömrəli avtobusla artıq bir saatdır yoldayam. Yol boyu sürücü sərnişinlərlə kobud davranır, onlarla mübahisə edir, söyüş söyür və təhqiramiz ifadələr işlədir. Hesab edirəm ki, sərnişinlərin bu cür münasibətlə üzləşməsi, həmçinin avtobusu uzun müddət gözləmələri qəbuledilməzdir”.
G. Cavanşir 10 nömrəli marşrut üzrə avtobusların hərəkət intervalının və sürücünün sərnişinlərlə davranışının araşdırılmasını, müvafiq tədbirlərin görülməsini xahiş edir.
Müəllif: Gülnar



