AZERFAX TV

“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq

Bakı Metropolitenində “28 May” stansiyasının təmir və yenidənqurma işləri ilə əlaqədar fəaliyyətinin məhdudlaşdırılması paytaxtda sərnişindaşıma məsələsini yenidən gündəmə gətirib. Stansiyanın uzun müddət bağlı qalması metrodan istifadə edən vətəndaşların gündəlik marşrutlarına təsir göstərəcək. Xüsusilə “28 May” və “Nizami” stansiyaları arasındakı əlaqənin dəyişməsi sərnişinlər üçün müəyyən çətinliklər yaradacaq. Bu səbəbdən alternativ nəqliyyat imkanlarının təşkili və ekspress avtobusların fəaliyyəti də müzakirə mövzusuna çevrilib. Digər tərəfdən, metroda aparılan işlərin yalnız bir stansiyanın təmiri ilə məhdudlaşmadığı, gələcəkdə xətlərin ayrılması və yeni stansiyaların istifadəyə verilməsi ilə sistemin əhəmiyyətli dərəcədə dəyişəcəyi bildirilir. Bu proseslərin yekununda sərnişinlərin daha qısa marşrutlarla hərəkət etməsi və intervalın azalması gözlənilir. Bəs hazırkı narahatlıqlar nə qədər əsaslıdır və metroda aparılan dəyişikliklər gələcəkdə sərnişinlərə nə verəcək?

Publika.az bununla bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlıya müraciət edib. Ekspert metropolitendə həyata keçirilən xəttlərin ayrılması prosesinin zəruriliyindən, yeni stansiyaların tikintisindən, ekspress avtobusların fəaliyyətindən və sərnişinlərin yaranan vəziyyətə necə yanaşmalı olduğundan danışıb.

Metro sistemi başdanbaşa dəyişəcək

Elməddin Muradlı bildirdi ki, metropolitendə xəttlərin ayrılması prosesi yalnız hazırkı işlərlə yekunlaşmayacaq və gələcəkdə digər istiqamətlərdə də analoji tədbirlər görüləcək:

“Başqa istiqamətlərdə eyni proseslər həyata keçiriləcək və metro sistemi ümumiyyətlə başdan-başa dəyişəcək. Bugün gördüyümüz 27-28 stansiyanı götürsək, bu, 2040-cı ilə qədər təxminən 60-a çatmalıdır. Yəni, ikiqat artım deməkdir. Bu, cənab Prezident tərəfindən təsdiq edilmiş Dövlət Proqramında da öz əksini tapıb, Bakının Baş Planında da nəzərdə tutulub. 2025-2030-cu illərdə 10 yeni metro stansiyasının tikilməsi planlaşdırılır. Bu stansiyaların tikilməsi ilə yanaşı, xətlərin ayrılması da baş tutmalıdır”.

Ekspertin sözlərinə görə, xətlərin ayrılmaması əlavə vaxt itkisinə və texniki problemlərə səbəb olur. Onun fikrincə, nəzərdə tutulan işlər başa çatdıqdan sonra metroda interval da qısalacaq:

“Xətlərin ayrılmaması əlavə vaxt itkisi, əlavə texniki problemlər yaradır. İndi bu vaxt itkisi minimuma enəcək, interval dəyişəcək. Bu proseslər başa çatandan sonra daha qısa interval ortaya çıxacaq. İnsanlar şəhərin bir mərkəzindən başqa bir məntəqəsinə, bir nöqtəsindən digərinə getmək üçün dolayı marşrutlara üz tutmayacaqlar. Metroyla hərəkət edəndə daha qısa məsafə qət edəcəklər. Bunu indi sözlə deyirik, amma işlər başa çatandan sonra insanlar əməldə də görəcəklər ki, həqiqətən dəyişiklik baş verib”.

Səbirli və təmkinli yanaşmalıyıq

Elməddin Muradlı vurğuladı ki, yeni stansiyalar tikildikcə onların idarə olunması da mühüm əhəmiyyət daşıyacaq:

“Bu xətlərin ayrılması da ona görə vacibdir ki, yeni stansiyalar tikildikcə onların idarə edilməsi də çox önəmlidir. Əsas faktorlardan biri xətlərin ayrılması idi və bu həyata keçirilir, işlərə start verilib. İnsanlardan xahişimiz odur ki, bu prosesə səbirli, təmkinli yanaşsınlar. Çünki metronun inkişafından danışırıqsa, bu qaçılmazdır, buna getməliyik. Səbirlə, təmkinlə buna dözməliyik”.

Pulsuz ekspress avtobus tələbini qarşılamaq mümkün deyil

Ekspert “28 May” və “Nizami” stansiyaları arasında əlaqənin dəyişməsi səbəbindən yaranacaq narahatlığın ekspress avtobusların pulsuz istifadəsi ilə aradan qaldırılması təkliflərinə də münasibət bildirib. Onun sözlərinə görə, hazırkı avtobus parkının imkanları bütün istiqamətlərdə belə yükü qarşılamağa imkan vermir:

“Tənqidlər əsas ona bağlıdır ki, insanlar istəyir ki, bu ekspress avtobuslar, hansı ki “Nizami” stansiyası ilə “28 May” stansiyası arasında əlaqənin itməsindən dolayı yaranacaq narahatlığı aradan qaldıracaq, dövlət tərəfindən pulsuz edilsin. Amma avtobus parkının bu qədər geniş imkanı, gücü yoxdur ki, “28 May” və “Nizami” metrolarını əlaqələndirsin və başqa istiqamətlərdə də sərnişinlər yolda qalmasın.

Mən sizi əmin edirəm ki, “BakıBus”un 10 avtobusunu, Xaliq Vahiboğlunun 10 avtobusunu, digər şirkətlərin hərəsindən 10 avtobus ayırıb bura versələr, həmin avtobusların öz marşrutlarında ciddi problemlər yaranacaq, sərnişinlər yolda qalacaq. Ona görə bunu hansısa formada ekspress marşrut xətləri vasitəsilə həyata keçirirlər və ödənişli əsaslarla”.

Muradlı qeyd edib ki, gələcəkdə müəyyən kateqoriyadan olan sərnişinlər üçün güzəştlərin tətbiqi müzakirə oluna bilər:

“Gələcəkdə müzakirə edib bunun hansısa güzəştlərini həyata keçirmək olar. Deyək ki, müəyyən bir təbəqənin həmin xətlərdən, ekspress avtobuslardan pulsuz istifadəsi – tələbələrin, təqaüdçülərin və s. Bunu biz müzakirə edə bilərik. Amma bu sistemin özünün qurulması belə uzun bir prosesdir. Bunun texniki cəhətdən imkanlarının olub-olmaması, necə reallaşdırılacağı ilə bağlı suallar hələ açıq qalır”.

Ekspert hesab edir ki, hazırkı imkanlarla vətəndaşlar prosesə səbirli yanaşmalı, səfərlərini əvvəlcədən düzgün planlaşdırmalıdırlar:

“Bugün əlimizdə olan vasitələrlə səbirli və təmkinli şəkildə bu işlərə başlamalıyıq. Bugün desək, pulsuz olsun, daşıyıcı şirkətlər buna dözməyəcək. Çünki o boyda xərci heç bir şirkət qarşılaya bilməz. Heç bir şirkətin bugün öhdəliyi yoxdur ki, vətəndaşı haradasa pulsuz daşısın. Bütün şirkətlər bu məqsədə qulluq edir ki, pul qazansın. Sərnişin daşısın, pul qazansın. Avtobus dağılır, təmir olunmalıdır, yanacaq sərfiyyatı və s. var”.

Muradlı sonda bildirib ki, düzgün planlaşdırma aparılarsa, gələcəkdə ekspress avtobuslara ehtiyac da əhəmiyyətli dərəcədə azala bilər:

“Ona görə burada atılacaq əsas addım odur ki, əvvəlcədən səfərləri düzgün planlaşdırmaq lazımdır. Mən əminəm ki, bir müddət sonra heç o ekspress avtobus xətlərinə də ciddi ehtiyac qalmayacaq. İnsanlar səfərlərini düzgün planlaşdırarsa, buna ehtiyac qalmayacaq”.

Müəllif: Adəm Abbaslı

Related Articles

Bir cavab yazın

Back to top button