AZERFAX TV

ABŞ-İran arasında saziş layihəsinin məzmunu AÇIQLANDI

ABŞ ilə qarşılıqlı anlaşma memorandumunun yekun layihəsi Hörmüz boğazının fəaliyyətinin bərpasını, ABŞ-ın neft sanksiyalarının ləğvini və 60 gün ərzində yekun sazişin hazırlanmasını nəzərdə tutur.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Reuters” yüksək vəzifəli İran rəsmisinə istinadla məlumat yayıb.

Bildirilib ki, sazişə əsasən, İran Hörmüz boğazını dərhal bütün ticarət gəmiləri üçün açacaq, ABŞ isə İran limanlarının hərbi-dəniz blokadasına son qoyacaq. Agentlik yazır ki, Birləşmiş Ştatlar blokadanı saziş imzalanan kimi aradan qaldırmağa başlayacaq və bu proses 30 gün ərzində başa çatmalıdır.

Layihəyə görə, ABŞ yekun razılaşma əldə olunana qədər İrana qarşı heç bir yeni sanksiya tətbiq etməyəcək. Bundan sonra bütün sanksiyalar təsdiq olunmuş qrafik əsasında ləğv ediləcək. Vaşinqton həmçinin Tehranın neft satıb gəlir əldə edə bilməsi üçün neft sanksiyalarını müvəqqəti olaraq dayandıracaq.

Qeyd edilib ki, ABŞ İranın 25 milyard dollar dəyərində dondurulmuş aktivlərini birbaşa pul köçürmələri və kredit xətləri vasitəsilə blokadadan çıxarmağa razılaşıb. Həmçinin, Vaşinqton regional müttəfiqləri ilə birlikdə İranın bərpası və inkişafı üçün Tehranla 60 gün ərzində razılaşdırılacaq xüsusi plan hazırlayacaq.

Bundan əlavə, Tehran nüvə silahı istehsal etməmək və ya almamaq öhdəliyi götürür. Yekun razılaşmaya qədər İslam Respublikası uranın zənginləşdirilməsini və nüvə obyektlərinin genişləndirilməsini dayandıraraq proqramın hazırkı statusunu qoruyub saxlayacaq. İranın nüvə proqramı və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının idarə olunması mexanizmlərinin isə memorandum imzalandıqdan sonrakı 60 gün ərzində müzakirə edilməsi planlaşdırılır.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button