Azərbaycan türk dünyasının ayrılmaz hissəsidir

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının üzvləri və digər nümayəndə heyətləri ilə görüşündə Azərbaycanın türk dünyasındakı roluna, ölkənin geosiyasi mövqeyinə və strateji istiqamətlərinə dair mühüm mesajlar verib. Dövlət başçısı çıxışında Azərbaycanın türk dünyasının ayrılmaz hissəsi olduğunu vurğulamaqla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı, Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin genişləndirilməsi, İslam həmrəyliyi, milli-mənəvi dəyərlərin qorunması və regionda sülh və əməkdaşlığın təmin olunması kimi məsələlərə toxunub.
Prezident İlham Əliyev həmçinin Azərbaycanın Qafqazda formalaşdırdığı yeni reallıqlardan, ölkənin sülh gündəliyinə sadiqliyindən və region üçün yeni əməkdaşlıq imkanlarının yaradılmasından danışıb. Dövlət başçısının çıxışında türk dünyasının birliyi və qarşılıqlı əməkdaşlıqla yanaşı, Azərbaycanın milli maraqlarını qoruyan çoxvektorlu xarici siyasətinin əhəmiyyəti də xüsusi diqqət çəkib.
AZERFAX.AZ mövzu ilə bağlı millət vəkili Vüqar Bayramovun fikirlərini öyrənib.
Millət vəkili bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan türk dünyasının üzvüdür və bizim ailəmiz türk dünyasıdır!”. Onun sözlərinə görə, bu fikir Azərbaycanın həm geosiyasi mövqeyini, həm də strateji istiqamətini müəyyənləşdirən əsas məqamlardan biridir.
Azərbaycan türk dünyası ilə əməkdaşlığı gücləndirir
Vüqar Bayramov qeyd etdi ki, Azərbaycan son dövrlərdə türk dünyası ilə əməkdaşlığını daha da gücləndirib. Xüsusilə Türk Dövlətləri Təşkilatı və G6 (Mərkəzi Asiya ölkələri və Azərbaycan) çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Mərkəzi Asiya dövlətləri ilə son dövrlərdə artan strateji münasibətlər də Azərbaycanın bu istiqamətə verdiyi önəmi açıq şəkildə göstərir.
Strateji müttəfiqlərlə münasibətlər dərinləşdirilir
Vüqar Bayramov dedi ki, digər mühüm məqam Azərbaycanın həm iqtisadi, həm də siyasi əlaqələrində strateji müttəfiqlərə xüsusi önəm verməsidir. Azərbaycan strateji tərəfdaşlıq etdiyi dövlətlərlə münasibətlərini daha da dərinləşdirir.
Millət vəkilinin sözlərinə görə, bu siyasət ölkənin müəyyənləşdirdiyi çoxvektorlu xarici siyasətin əsas istiqamətlərindən biridir və Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edir.
Vüqar Bayramov bildirdi ki, Azərbaycan eyni zamanda regionda, xüsusilə Cənubi Qafqazda yeni reallıqlar formalaşdırıb. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində əldə olunan zəfər bu yeni düzənin əsasını qoyub.
O qeyd etdi ki, Azərbaycan hazırda sülh gündəliyinə sadiq qalaraq regionda sülh, inkişaf və əməkdaşlığın təşviqinə yönəlmiş siyasət həyata keçirir.

Azərbaycanın sülh gündəliyi
Millət vəkilinin sözlərinə görə, xüsusilə Ermənistana yanacaq ixracının həyata keçirilməsi, eləcə də Azərbaycan ərazisindən Ermənistana daşınan yüklərlə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması Bakının sülh gündəliyinə sadiqliyini nümayiş etdirir.
Vüqar Bayramov vurğuladı ki, bu yanaşma eyni zamanda Qafqaz üçün yeni inkişaf və əməkdaşlıq modelinin formalaşdırılmasına xidmət edir.
Ermənistanda revanşist yanaşma təəssüf doğurur
Deputat dedi ki, təəssüf doğuran məqam isə Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura son səfərindən sonra Ermənistanda səsləndirilən bəzi açıqlamalardır.
Onun fikrinə görə, burada yalnız revanşist qrupların deyil, Ermənistan hakimiyyətinə yaxın dairələrin də bu məsələyə qeyri-adekvat yanaşmasının şahidi olduq.
Vüqar Bayramov xüsusilə Ermənistan parlamenti sədrinin açıqlamasının, eləcə də Ermənistan hakimiyyətinə yaxın media orqanlarında revanşist qrupların mövqelərinə dəstək verilməsinin təəssüf doğurduğunu bildirdi: “Bu yanaşma Azərbaycanın sülh gündəliyinə sadiqliyi ilə Ermənistan tərəfindən nümayiş etdirilən mövqe arasında fərq olduğunu göstərir”.
Deputat əlavə etdi ki, diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərindən sonra baş verənlər də bu məsələdə müəyyən narahatlıqların hələ də qaldığını göstərdi.
“Buna baxmayaraq, Azərbaycan artıq regionda yeni reallıq formalaşdırıb və bu reallıq sülh, əməkdaşlıq və inkişaf üçün yeni baza yaradır”, – deyə millət vəkili fikrini yekunlaşdırdı.
Müəllif: Adəm Abbaslı



