Azərbaycan və İsveçrənin XİN rəhbərləri görüşdü

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, nazirlər Azərbaycan-İsveçrə ikitərəfli gündəliyini, İsveçrənin ATƏT-ə sədrliyinin prioritetlərini, Azərbaycan-ATƏT əməkdaşlığının mövcud vəziyyətini və gələcək perspektivlərini, habelə post-münaqişə dövründə vəziyyət və Azərbaycan–Ermənistan normallaşma prosesini müzakirə ediblər.
2027-ci ildə Azərbaycan ilə İsveçrə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin formalaşmış tərəfdaşlığı dəyərləndirmək üçün mühüm fürsət yaratdığı qeyd olunub.
Tərəflər Xarici İşlər Nazirlikləri arasında yüksək səviyyəli təmasların və müntəzəm siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Müzakirələrdə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti də daxil olmaqla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinə diqqət yetirilib.
Enerji sektorunun ikitərəfli iqtisadi münasibətlərin əsas sütunlarından biri olduğu vurğulanıb. Bu kontekstdə SOCAR-ın İsveçrədə fəaliyyəti qarşılıqlı faydalı əməkdaşlığın mühüm nümunəsi kimi qeyd edilib.
Nazirlər, həmçinin xalqlararası əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə İsveçrənin ATƏT-in fəaliyyətdə olan sədri qismində müəyyən etdiyi prioritetlərə diqqət yetirilib. Azərbaycan tərəfi sədrliyin elm və diplomatiya, innovativ texnologiyalar, su ehtiyatlarının idarə olunması, enerji təhlükəsizliyi və rəqəmsal təhlükəsizlik sahələrinə verdiyi önəmi alqışlayaraq, müasir çağırışların aradan qaldırılmasında bu istiqamətlərin əhəmiyyətini vurğulayıb.
Həmçinin ölkəmizdə mövcud olan mina problemi xüsusi vurğulanıb və ATƏT-in, xüsusilə də üzv ölkələrin minatəmizlə sahəsində Azərbaycana verə biləcəyi töhfə müzakirə olunub.
Görüşdə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov həmkarını sülh prosesinin hazırkı mərhələsi, iki ölkə arasında de-fakto bərqərar olmuş sülh və həyata keçirilən etimad quruculuğu tədbirləri barədə məlumatlandırıb.
Görüşdə həmçinin bir sıra digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib.
Yekunda mətbuat konfransı keçirilib və nazirlər mətbuat konfransında bəyanatlarla çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar.
xxx
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Bakıda səfərdə olan İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər üzrə Federal Departamentin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis arasında təkbətək görüş başa çatıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, təkbətək görüşdən sonra tərəflərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Görüş zamanı Azərbaycan-İsveçrə ikitərəfli gündəliyi, İsveçrənin ATƏT-ə sədrliyi dövrünün prioritetləri, Azərbaycan-ATƏT əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, həmçinin regiondakı postmünaqişə vəziyyəti və Azərbaycan–Ermənistan normallaşma prosesi müzakirə olunub.
Nazirlər qeyd ediblər ki, gələn il Azərbaycan və İsveçrə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi qeyd olunacaq. Bu əlamətdar tarix son üç onillik yarım ərzində formalaşmış tərəfdaşlığı dəyərləndirmək üçün mühüm fürsət kimi qiymətləndirilib.
Tərəflər yüksək səviyyəli təmasların və xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Bu baxımdan, cari ilin aprel ayında Bakıda keçirilmiş son siyasi məsləhətləşmələrin əhəmiyyəti qeyd olunub və bu mexanizmin müntəzəm əsasda davam etdirilməsinin önəmi diqqətə çatdırılıb.
Müzakirələr zamanı Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti vasitəsilə iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinə də toxunulub.
Enerji sektorunun ikitərəfli iqtisadi münasibətlərin əsas sütunlarından biri olduğu vurğulanıb. Bu çərçivədə, “SOCAR Energy” şirkətinin İsveçrədəki uğurlu fəaliyyəti qarşılıqlı faydalı əməkdaşlığın mühüm nümunəsi kimi qeyd edilib.
Nazirlər, həmçinin insanlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildiriblər.
Görüşdə İsveçrənin ATƏT-ə sədrliyi dövrünün prioritetlərinə xüsusi diqqət yetirilib. Azərbaycan sədrliyin elm və diplomatiya, innovativ texnologiyalar, su ehtiyatlarının idarə olunması, enerji təhlükəsizliyi və rəqəmsal təhlükəsizlik istiqamətlərinə verdiyi önəmi alqışlayaraq, bu sahələrin müasir çağırışların aradan qaldırılmasında mühüm rol oynadığını vurğulayıb.
Ceyhun Bayramov bildirib ki, ATƏT məkanında təhlükəsizlik mühitinin getdikcə mürəkkəbləşdiyi şəraitdə təşkilat öz aktuallığını və regional təhlükəsizlik məsələlərinin həllində rolunu qorumaq üçün hərtərəfli təhlükəsizlik konsepsiyasından və geniş coğrafi üzvlüyündən tam istifadə etməlidir. O, Azərbaycanın iştirakçı dövlətlərin suveren bərabərliyi, qarşılıqlı hörmət, inklüziv dialoq və konsensus prinsiplərinə əsaslanan səmərəli çoxtərəfliliyi dəstəklədiyini bir daha təsdiqləyib.
Azərbaycan–Ermənistan normallaşma prosesinə toxunan nazir Ceyhun Bayramov həmkarına sülh prosesinin hazırkı mərhələsi, iki ölkə arasında faktiki sülh şəraiti və həyata keçirilən etimad quruculuğu tədbirləri barədə məlumat verib. O bildirib ki, ikitərəfli formatda əldə olunan irəliləyiş bu yanaşmanın effektivliyini bir daha nümayiş etdirir.
ATƏT-lə əməkdaşlıq məsələsinə dair nazir Ceyhun Bayramov Azərbaycanın təşkilatın müvafiq təcrübəyə malik olduğu və əlavə dəyər yarada biləcəyi qarşılıqlı maraq doğuran sahələrdə praktiki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha vurğulayıb.
Nazir, həmçinin Azərbaycanın ərazilərinin mina və digər partlayıcı müharibə qalıqları ilə geniş şəkildə çirkləndirildiyini ölkənin ən ciddi humanitar problemlərindən biri kimi qiymətləndirib. O, bu problemin həlli istiqamətində ATƏT-in öz mandatı və imkanları çərçivəsində praktiki dəstəyinin vacibliyini qeyd edib.
Görüş zamanı Ukrayna ətrafındakı vəziyyət, Yaxın Şərqdə baş verən proseslər, eləcə də digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
xxx
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri İqnatzio Kassisi qarşılayıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, tərəflər arasında təkbətək görüş başlayıb.
Görüş zamanı Azərbaycan-İsveçrə ikitərəfli münasibətlərinin gündəliyi, regional və beynəlxalq proseslər, həmçinin ATƏT çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.






