Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 26 Avqust – Laçın Şəhəri Günü dördüncü dəfə təntənə ilə qeyd olunacaq.
AZERFAX.AZ xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, doğma yurda qayıdan Laçın sakinləri, mədəniyyət xadimləri, eləcə də çoxsaylı qonaqlar iştirak edəcəklər.
Şəhər Günü münasibətilə Laçının müxtəlif məkanlarında rəsm sərgiləri, uşaqlar üçün tamaşa nümayişləri və digər mədəni proqramlar təşkil olunacaq.
Həmçinin Azərbaycanın tanınmış incəsənət ustalarının və bədii kollektivlərinin iştirakı ilə möhtəşəm konsert keçiriləcək. Proqramda milli musiqimizin zəngin irsini və milli rəqs ənənələrini əks etdirən rəngarəng çıxışlar nümayiş etdiriləcək.



