Bu məşhurun gəlinliyi gündəm oldu: 240 saata hazırlanan 30 metr krujevalı libas

Bir vaxtlar “Vogue Enfants” jurnalı tərəfindən “dünyanın ən gözəl qızı” adlandırılan fransız model Tilan Blondo toy libasının hazırlanma prosesini ilk dəfə izləyiciləri ilə bölüşüb.
AZERFAX.AZ xəbər verir ki, 25 yaşlı model ötən ay DJ Ben Attal ilə ailə qurub. O, sosial şəbəkə hesabında məşhur “Miu Miu” moda evi tərəfindən hazırlanan eksklüziv gəlinliyin pərdəarxası görüntülərini yayımlayıb.
Blondo bildirib ki, “Miu Miu”dan gəlinlik geyinmək onun uşaqlıq arzusu olub. Model 16 yaşından etibarən bu brendlə əməkdaşlıq etdiyini xatırladıb.
“Balıq” siluetində hazırlanan krujevalı gəlinlik üçün 30 metrdən çox nadir fransız krujevasından istifadə olunub. Libasın hər detalı üzərində moda evinin ustaları ümumilikdə 240 saat əl işi sərf ediblər.
Qeyd edək ki, toy mərasimi Fransanın cənubundakı Qrass şəhərində yerləşən, təxminən 64 milyon dollar dəyərində olan “Chateau Diter” malikanəsində keçirilib.
“Ən böyük arzum gerçəkləşdi. Heç vaxt təsəvvür etməzdim ki, illərlə əməkdaşlıq etdiyim bu moda evi həyatımın ən önəmli günü üçün xəyalımdakı gəlinliyi hazırlayacaq”, – deyə model paylaşımında yazıb.
Qeyd edək ki, cütlük rəsmi nikahını hələ iyun ayında Parisin 16-cı dairəsinin meriyasında bağlamışdı. Həmin mərasimdə Blondo Eva Bouskila tərəfindən hazırlanan kutür libas geyinmişdi. Onlar nişanlandıqlarını elan etdikdən cəmi üç ay sonra evləniblər.
Adəm



