Çində hamının görmək istədiyi iki məkan

Çinə səfər edən hər kəsin ən çox görmək istədiyi iki məkan var: Böyük Çin Səddi və “Qadağan olunmuş şəhər”. Biri dünyanın ən böyük müdafiə istehkamı, digəri isə əsrlər boyu Çin imperatorlarının sirrini qoruyan saray kompleksi kimi məşhurdur. Coğrafiya və tarix dərsliklərindən haqqında oxuduğumuz bu abidələri canlı görmək isə tamamilə başqa hissdir: onların böyüklüyünü və əzəmətini öz gözlərinlə görəndə daha çox anlayırsan…
Tikintisi iki min ildən artıq davam edib
Pekindən Böyük Çin Səddinə avtomobillə təxminən bir saata çatmaq olur. Pekinin qədim hissəsində anlaşdığımız turşirkətlərdən biri adambaşına 200 yuan (50 AZN) ödəməklə səfərimizi Böyük Çin səddinin Mutianyu hissəsinə reallaşdırır. Səddin yüksək hissəsinə qalxmaq üçün isə kanat yolundan istifadəyə görə əlavə 140 yuan (36 AZN) ödəyirik.
Kanat yavaş-yavaş yüksəldikcə dağların qoynunda əjdaha kimi qıvrılan divar görünməyə başlayır. Zirvəyə çatanda isə heyrətdən donub qalırsan: fotolarda möhtəşəm görünən Böyük Çin Səddinin əsl möhtəşəmliyini yalnız onun üzərində dayananda hiss edirsən.

Böyük Çin Səddi təkcə divar deyil: gözətçi qüllələri, qalalar, maneələr, kazarmalar, qarnizon məntəqələri və keçidlərdən ibarət vahid müdafiə sistemidir. Burada sərhəd nəzarəti aparılıb, ticarət yolları qorunub, gömrük funksiyası yerinə yetirilib, qoşunların sürətli hərəkəti təmin olunub. Qədim dövrün sərhəd xidməti, magistral yolu və hərbi qərargahı sanki bir yerdə cəmləşib.
Səddin ümumi uzunluğu 21 min 196 kilometrdir. Ümumilikdə bu nəhəng layihənin inşası 2000 ildən artıq davam edib. Abidə təkcə mühəndislik zəfərini deyil, həm də onu tikən milyonlarla insanın qəhrəmanlığını simvolizə edir.

Çinlilər bu rəqəmi turistlərə maraqlı müqayisələrlə izah edirlər: “Səddin uzunluğu ekvatorun yarısına bərabərdir. Bu, Pekindən Romaya iki dəfə piyada getmək və ya yan-yana düzülmüş 242 min futbol meydançası qədər məsafə deməkdir”.

Sümüklər üzərində tikilən divar
Vaxtilə səddin tikintisi zamanı 2-3 milyon insan həyatını itirib. Səbəb ağır əmək şəraiti, xəstəliklər və çətin iqlim olub. El arasında “Böyük Çin Səddi sümüklər üzərində tikilib” ifadəsi də buradan yaranıb. Hətta cəsədlərin divarın içərisində basdırıldığı barədə əfsanələr də dolaşır. Tarixçilər bunu təsdiqləməsələr də, rəvayət bu gün də yaşayır.
Səddin üzərində gəzdikcə mühəndislərin uzaqgörənliyinə heyran qalmamaq mümkün deyil. Divarın bəzi hissələri o qədər enlidir ki, üzərində eyni vaxtda beş atlı və ya on əsgər yan-yana hərəkət edə bilib. Yağış sularının axıdılması üçün xüsusi drenaj kanalları da tikilib.

Marşrut boyunca pillələr gah dikləşir, gah da enir. Bəzən nəfəsin çatmır, amma dönüb arxaya baxanda bütün yorğunluq unudulur. Dağların qoynunda kilometrlərlə uzanan divar sanki üfüqdə itib-batır…

Maraqlıdır ki, Böyük Çin Səddi bu gün də “böyüməkdə” davam edir. Yeni texnologiyalar sayəsində arxeoloqlar əvvəllər məlum olmayan hissələri aşkar edirlər. Təkcə 2020-ci ildə Şimali Çində 600 kilometrdən çox qədim divar qalıqları sənədləşdirilib.

Bu möhtəşəm sənət abidəsi üç min ildir ki, Çinin simvoluna çevrilərək yaşayır. Dünyanın yeddi yeni möcüzəsindən biri olan abidə UNESCO-nun Dünya irs Siyahısındadır və hər kəsin ömründə heç olmasa bircə dəfə görməli olduğu yerlərdən biri kimi yaddaşda əbədiləşir.
“Çin imperiyasının ürəyi”
Pekinin tam mərkəzində yerləşən “Qadağan olunmuş şəhər”ə getmək üçün biletləri öncədən almaq tövsiyə olunur. Hər gün minlərlə ziyarətçinin üz tutduğu bu məkana yerində bilet əldə etmək saatlarla vaxt itkisi deməkdir.
Tiananmen meydanının düz qarşısında yerləşən saray kompleksi uzaqdan da möhtəşəm görünür. Hündür divarlar və su ilə dolu xəndək əsrlər boyu onu xarici dünyadan ayırıb. Bu gün “Qadağan olunmuş şəhər”ə daxil olmaq üçün yalnız üç qapıdan keçmək lazımdır: Tiananmen, Duanmen və nəhayət sarayın əsas qapısı – Vumen. Əvvəlki dövrlərdə xarici səfirlər və rəsmilər üçün saraya gedən yol daha uzun idi: onlar beş qapıdan keçirdilər.

“Qadağan olunmuş şəhər” 1406-1420-ci illərdə Min sülaləsinin imperatoru Yonqlenin əmri ilə tikilib. Sonrakı beş əsr ərzində burada Min və Tsin sülalələrindən olan 24 imperator yaşayıb və ölkəni idarə edib. Məhz buna görə də bu şəhəri “Çin imperiyasının ürəyi” adlandırırlar.

Saray kompleksi 900-dən çox sarayı, 8700-dən artıq otağı birləşdirir. Rəvayətlərdə onların sayının 9999 olduğu deyilsə də, bu daha çox Çin mədəniyyətində müqəddəs sayılan “9” rəqəmi ilə bağlıdır.
1987-ci ildən “Qadağan olunmuş şəhər” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib və hazırda “İmperator Sarayı Muzeyi” kimi fəaliyyət göstərir. Burada on minlərlə qiymətli eksponat, imperator geyimləri, qədim kitablar, rəsmlər, bürünc məmulatlar və zinət əşyaları qorunur.

Buraya girmək ölüm demək idi
“Qadağan olunmuş” adı təsadüfi seçilməyib. Keçmişdə imperatorun xüsusi icazəsi olmadan adi insanların bu şəhərə daxil olması qəti qadağan idi. İcazəsiz girənləri ölüm cəzası gözləyirdi.

Bu gün isə həmin darvazalardan hər gün minlərlə turist keçir. Vaxtilə yalnız imperatorun ailəsi, yüksək rütbəli məmurlar və xidmətçilərin gəzdiyi həyətlərdə indi dünyanın hər yerindən gələn insanlar şəkil çəkdirirlər.

Sarayın memarlığında hər detalın öz mənası var. Sarı rəng imperator hakimiyyətini, qızılı və qırmızı rəng gücü, tikililərin tam simmetriyası isə kainatın harmoniyasını ifadə edir. (“Kaspi” qəzeti)



