AZERFAX TV

Depressiya görün necə müalicə edilir

Bristol Universitetinin tədqiqatçıları iltihab proseslərinin qarşısını almaqla, standart müalicəyə tabe olmayan depressiya əlamətlərini yüngülləşdirməyin mümkün olduğunu müəyyən ediblər.

AZERFAX.AZ xəbər verir ki, bu barədə araşdırma “JAMA Psychiatry” jurnalında dərc olunub.

Orada qeyd olunub ki, sınaq iştirakçıları terapiyadan sonra narahatlıq, yorğunluq və depressiv simptomların azaldığını bildiriblər.

Məlumdur ki, depressiyadan əziyyət çəkən insanların təxminən üçdə biri serotonin və digər neyromediatorlara təsir edən standart antidepressantlara qarşı zəif reaksiya verir. Son illərdə elm adamları bu cür halları orqanizmdəki xroniki iltihabla əlaqələndirirlər. Xüsusilə, iltihab reaksiyalarında iştirak edən immunitet siqnal molekulu olan “interleykin-6″nın depressiya ilə sıx bağlı olduğu müəyyən edilib.

Tədqiqatçılar bu yolu bloklamağın depressiyanı azaldıb-azaltmayacağını yoxlamaq üçün revmatoid artrit zamanı istifadə olunan “tosilizumab” dərmanından istifadə ediblər. Tədqiqata standart müalicəyə reaksiya verməyən və qanında xroniki iltihab əlamətləri (C-reaktiv zülalın səviyyəsinin yüksək olması) müşahidə olunan 30 xəstə cəlb edilib. Könüllülərin bir qrupuna dərman, digərinə isə plasebo verilib.

Dörd həftəlik müşahidələr nəticəsində dərman qəbul edən qrupda vəziyyətin yaxşılaşdığı müşahidə olunub. İştirakçılar yorğunluğun azaldığını, diqqətin cəmlənməsinin və iştahanın yaxşılaşdığını, həmçinin daxili gərginliyin azaldığını qeyd ediblər. Tədqiqatın sonunda “tosilizumab” qrupunda iştirakçıların təxminən 54%-i remissiyaya çatıb, plasebo qrupunda isə bu göstərici 31% təşkil edib. Müalicə effekti xüsusilə müalicədən əvvəl C-reaktiv zülal səviyyəsi daha yüksək olan xəstələrdə özünü göstərib.

Tədqiqatın müəllifləri hesab edirlər ki, bu nəticələr yalnız simptomlara deyil, həm də xəstənin bioloji xüsusiyyətlərinə əsaslanan “fərdiləşdirilmiş psixiatriya” yanaşmasının vacibliyini sübut edir.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button