Gəlin milyonçu qayınatasını öldürtdü – ŞOK SİFARİŞ

Hindistanın Kanpur şəhərində milyonçu iş adamı Vinit Minoçunun qətli ilə bağlı araşdırma zamanı cinayətin sifarişçisinin onun gəlini olduğu üzə çıxıb.
AZERFAX.AZ xəbər verir ki, “Pharma Traders” şirkətinin 63 yaşlı sahibi sentyabrın 5-də evində bıçaqlanaraq öldürülüb. Hadisə zamanı onun oğlu, gəlini və 6 yaşlı nəvəsi məclisdə olub.
Təhlükəsizlik kameralarında evə iki şəxsin daxil olduğu görüntülənib. Onlardan birinin Minoçunun 12 il elektrikçisi işləyən Vişal Qautam olduğu müəyyənləşdirilib. O, 2022-ci ildə oğurluğa görə işdən çıxarılıb.
Qautam və onun əlbir olduğu şəxs sentyabrın 6-da saxlanılıb. Onlar qətli törətdiklərini etiraf ediblər. Məlum olub ki, cinayəti Minoçunun gəlini Şalu Minoça sifariş edib. O, qətlin müqabilində Qautama 600 min rupi (10 649 manat) vəd edib.
Şalu qayınatasının ailə üzvlərinə həddindən artıq nəzarət etdiyini bildirib. Onun sözlərinə görə, Minoçu evin hər yerinə kameralar quraşdırıb, ailə üzvlərini izləyib və bütün xərclər barədə hesabat tələb edib.
İstintaqın məlumatına görə, iyulun 28-də Şalunun məclisdən qayıtmasından sonra baş verən mübahisə qətl planının həyata keçirilməsinə səbəb olub.
İlkin plana əsasən, Minoçu yastıqla boğulmalı idi. Lakin müqavimət göstərdiyi üçün hücum edənlər bıçaqdan istifadə ediblər.
Qeyd edək ki, Vinit Minoçu Kanpurun ən iri dərman tacirlərindən biri olub. Onun rəhbərlik etdiyi “Pharma Traders” şirkətinin illik dövriyyəsi 500 milyon rupi (8 milyon manat) təşkil edib.
Müəllif: Adəm



