Hörmüz boğazında güclü partlayışlar baş verdi

Hörmüz boğazının cənub hissəsində partlayışlar baş verib. İlkin məlumata görə, neft tankerləri minalara düşərək partlayıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi mənbələrə istinadla məlumat yayıb.
“Hörmüz boğazının cənub keçidində bir neçə güclü partlayış baş verib. Buna səbəb həmin ərazidə yerləşdirilmiş dəniz minalarına qaydaları pozan tankerlərin toxunması olub”, – məlumatda deyilir.
İran ABŞ ilə münaqişə başlayandan sonra bu dəniz yolunu bağlayıb. Dünya üzrə neft tədarükünün beşdə biri Hörmüz boğazının payına düşür. İranın tətbiq etdiyi məhdudiyyətlər dünya bazarında neftin və xammalın qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Tehran strateji keçid üzərində suverenliyinin hər hansı şəkildə pozulmasına dözməyəcəyini bəyan edib və ABŞ müharibəni və ölkəyə qarşı blokadanı dayandırmayana qədər su yolu ilə hərəkətin normallaşmayacağını vurğulayıb.
Fars agentliyinin qeyd etdiyinə görə, son günlər İran hakimiyyətinin müəyyən etdiyi marşrutdan kənara çıxan bir neçə neft tankeri Hörmüz boğazında partlayıb.
Hüseyn İbadlı



