AZERFAX TV

İrana gedən maliyyə kanalları bağlanır

ABŞ prezidenti Donald Trampın İrana qarşı iqtisadi təzyiq kampaniyasında əsas hədəflərdən biri Dubay üzərindən fəaliyyət göstərən maliyyə və ticarət kanallarıdır.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşr bildirib ki, Vaşinqton son həftələr Birləşmiş Ərəb Əmirliklərinə İrana bağlı maliyyə şəbəkələrinin fəaliyyətinin dayandırılması üçün təzyiq göstərib.

ABŞ rəsmiləri hesab edirlər ki, İrana pul axınının məhdudlaşdırılması Tehrana hərbi blokadadan belə ciddi təsir göstərə bilər.

BƏƏ çərşənbə axşamı İranla bəzi maliyyə və iqtisadi əməliyyatları dayandırdığını açıqlayıb. Bu addım İranın idxal və beynəlxalq maliyyə sisteminə çıxışında mühüm rol oynayan Dubay kanallarını zəiflədə bilər.

Tramp isə İrana dəstək verən ölkələrin “böyük iqtisadi nəticələrlə” üzləşəcəyini bildirib. ABŞ prezidenti neft qaçaqmalçılığı, pul köçürmələri, valyuta dəyişmə məntəqələri, gəmi reyestrləri və örtük şirkətləri vasitəsilə həyata keçirilən əməliyyatların dərhal dayandırılmasını tələb edib.

ABŞ-ın sanksiya sənədlərinə görə, İran neftindən əldə olunan gəlirlər və xarici valyuta əməliyyatlarının bir hissəsi uzun müddətdir Dubaydakı şirkətlər və maliyyə strukturları üzərindən həyata keçirilir.

Nəşrə danışan ekspertlər hesab edirlər ki, bu şəbəkənin tamamilə bağlanması İranın xarici valyutaya və qlobal ticarətə çıxışını ciddi şəkildə məhdudlaşdıra bilər. Lakin Dubayda fəaliyyət göstərən gizli maliyyə və ticarət şəbəkələrinin tamamilə aradan qaldırılması asan görünmür.

BƏƏ hakimiyyəti də ABŞ-ın təzyiqi ilə İranla əlaqələri birdəfəlik kəsməkdə maraqlı deyil. Əmirliklər Tehrana qarşı tədbirləri mərhələli şəkildə sərtləşdirməyi planlaşdırır.

İlk mərhələdə yük daşımalarına yeni məhdudiyyətlərin tətbiqi, daha sonra isə İranla əlaqəli digər strukturlara qarşı tədbirlərin genişləndirilməsi nəzərdə tutulur.

Bu qərarın qəbulunda İranın BƏƏ ərazisindəki gəmilərə qarşı son hücumlarının da rol oynadığı bildirilir. Məlumata görə, İran bu ay BƏƏ ilə əlaqəli ən azı yeddi gəmiyə hücum edib.

Bununla yanaşı, Əbu-Dabidə Vaşinqtonun İrana qarşı sərt siyasətinin bölgədə yeni hərbi qarşıdurmaya səbəb ola biləcəyindən ehtiyat edirlər.

BƏƏ həmçinin mümkün diplomatik böhran zamanı Tehranla əlaqə kanallarını qorumağa çalışır. Ekspertlər bildirirlər ki, rəsmi bank və liman kanallarını bağlamaq mümkün olsa da, Dubaydakı bütün kiçik şirkətləri, sərbəst iqtisadi zonaları və kiçik gəmi daşımalarını tam nəzarətdə saxlamaq olduqca çətindir.

Akqabay

Related Articles

Bir cavab yazın

Back to top button