Köçəryanın gəlininin də biznesi yoxlanıldı: 25 milyon dollar gizlədilib

Ermənistan Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, İrəvanda brend geyim mağazası bəzi satışları qəbz olmadan nağd şəkildə həyata keçirməklə 9,46 milyard dramı (25 milyon dollardan çox) dövriyyədən gizlədib.
AZERFAX.AZ xəbər verir ki, departament şirkətin adını açıqlamır. Lakin Dövlət Gəlirləri Komitəsi tərəfindən yayımlanan görüntülərdə Ermənistan mediasının keçmiş prezident Robert Köçəryanın gəlini ilə əlaqələndirdiyi “La Galleria” mağazası göstərilir.
Komitənin məlumatına görə, vergi müfəttişləri şirkətin fəaliyyətini təhlil etdikdən sonra yüksək risk səviyyəsini müəyyən edərək araşdırmaya başlayıblar. Araşdırmanın bir hissəsi olaraq mütəxəssislər şirkət kompüterlərində saxlanılan faktiki satış məlumatlarını nəzərdən keçiriblər.
Məlum olub ki, bəzi mallar nağd pula satılıb, lakin qəbz verilməyib və müvafiq əməliyyatlar rəsmi qeydlərdə əks olunmayıb.
Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, şirkət bununla 9,46 milyard dramlıq dövriyyəni gizlədib və 1,5 milyard dramdan çox (4 milyon dollardan çox) vergi ödəməyib.
Külli miqdarda vergidən yayınma ilə bağlı sübutlarla bağlı materiallar İstintaq Komitəsinə təqdim edilib. Cinayət işi başlanılıb.
Müəllif: Tural



