Kreml bu bölgələri də qarışdırır: Baş nazirdən ağır ittiham

Moldova baş naziri Aleksandru Muntyanu ölkədəki gərginliyin pərdəarxası məqamları ilə bağlı dünya mətbuatına səs-küy yaradacaq açıqlamalar verib.
AZERFAX.AZ xəbər verir ki, “Agerpres” nəşrinə danışan hökumət başçısı Dnestryanı və Qaqauziya bölgələrində yaşanan gərginliyin təsadüf olmadığını bildirib. O, hər iki regiondakı hadisələrin “eyni komanda mərkəzi” tərəfindən idarə olunduğunu və bu mərkəzin Rusiya olduğunu iddia edib.
Muntyanunun sözlərinə görə, Rusiya bölgə sakinlərini hədəf alan genişmiqyaslı təbliğat kampaniyası aparır: “Təəssüf ki, müxtəlif saxta xəbərlərin və manipulyasiyaların dövriyyədə olduğu bir dünyada yaşayırıq. Bizi bölmək və müxtəlif gərginlik ocaqları yaratmaq üçün böyük resurslar, xüsusilə də pullar xərclənir”.
Xatırladaq ki, bir qədər əvvəl Moldova prezidenti Maya Sandu Dnestryanı bölgəsinin silahsızlaşdırılması və ölkəyə reinteqrasiyası üçün konkret planların olduğunu açıqlamışdı. Hətta yerli medianın məlumatına görə, rəsmi Kişinyov Dnestryanı ilə bağlı hazırladığı “qayıdış planını” artıq Brüsselə təqdim edib.
Qeyd edək ki, son aylarda tərəflər arasında münasibətlər kəskinləşib. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoygu Moldovanı rus qoşunlarını bölgədən sıxışdırıb çıxarmaqda ittiham edib. Rəsmi Kişinyov isə cavab addımı olaraq Dnestryanıdakı Rusiya hərbi qruplaşmasının komandanlığını “persona non qrata” (arzuolunmaz şəxs) elan edərək ölkədən qovub.
Müəllif: Adəm



