AZERFAX TV

Mədəniyyət naziri Yardımlıda aparılan arxeoloji tədqiqat işləri ilə tanış oldu

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Yardımlı rayonunun Urakəran kəndi ərazisində yeni aşkar edilən, Azərbaycan tarixi üçün böyük əhəmiyyət daşıyan antik dövr yaşayış məskənində aparılan arxeoloji çöl-tədqiqat işləri ilə tanış olub.

AZERFAX.AZ xəbər verir ki, tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, tarixçi-alim Həsən Həsənov, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev ərazidəki araşdırmalar barədə ətraflı məlumat verib. Bildirib ki, əraziyə yaxın yerləşən Bilgə nekropolunda aparılan tədqiqatlar zamanı meqalit örtüklü daş qutu və küp qəbirlər aşkar edilib, eyni zamanda nekropolda torpaq qəbirlərin də mövcudluğu müəyyənləşdirilib. Bir hektardan artıq ərazini əhatə edən nekropol eramızdan əvvəl III əsrdən eramızın III əsrinədək olan dövrə aiddir.

Qeyd olunub ki, Bilgə nekropolundan təxminən 250 metr cənub-qərbdə yerləşən yeni aşkar edilmiş yaşayış yerində müxtəlif istiqamətlərə uzanan iri tikili qalıqları müəyyən edilib.

Bildirilib ki, yaşayış məskəninin tam plan quruluşunun müəyyənləşdirilməsi məqsədilə arxeoloji tədqiqatların növbəti illərdə daha geniş miqyasda və müasir texniki vasitələrin tətbiqi ilə davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, arxeoloji çöl-tədqiqat işləri AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi ilə Azərbaycan–Amerika birgə ekspedisiyası tərəfindən həyata keçirilir. Ekspedisiyanın Amerika tərəfinə Los-Anceles Kaliforniya Universitetinin professoru Lara Fabian rəhbərlik edir.

Ekspedisiyanın əsas məqsədi Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan Atropatena dövrünə aid yaşayış məskənlərinin və qəbir abidələrinin tədqiqi, xüsusilə dağlıq ərazilərdə urbanizasiya proseslərinin, əhalinin həyat tərzinin, eləcə də regionlararası mədəni və iqtisadi əlaqələrin arxeoloji baxımdan öyrənilməsidir.

Related Articles

Bir cavab yazın

Back to top button