Milyonçu din yolunda sərvətini qurban verdi

Məşhur kosmetika brendinin həmtəsisçisi Skott-Vinsent Borba katolik keşişi rütbəsini qəbul etmək üçün çoxmilyonluq sərvətindən və dəbdəbəli həyatından imtina edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Independent” nəşri məlumat yayıb.
Bildirib ki, təyinolunma mərasimi mayın 23-də onun doğma şəhəri olan Kaliforniyanın Fresno yeparxiyasında baş tutacaq.
Borba brendin əsasını 2004-cü ildə Cozef Şamax ilə birlikdə qoyub. Münasib qiymətli kosmetik məhsulları ilə tanınan şirkət qısa zamanda bazarda böyük uğur qazanıb. Keçmiş iş adamı xatırlayır ki, o zamanlar Peris Hilton və Kardaşyan ailəsi ilə vaxt keçirirdi, lüks həyatın simvolu idi və bununla çox fəxr edirdi.
Dönüş nöqtəsi 2019-cu ildə, Borbanın qırx yaşlarında olduğu vaxt baş verib. O, artıq həyatdan zövq almadığını hiss edib. Bundan sonra o, mərhələli şəkildə var-dövlətindən qurtulmağa başlayıb: Aston Martin avtomobilini satıb, milyonlarla dollar dəyərindəki sərvətini xeyriyyə işlərinə paylayıb və Tanrının çağırışı ilə hər şeydən imtina edib.
Skott-Vinsent bildirib ki, Allahdan ona yaradılış qayəsinə uyğun biri olmağa kömək etməsini istəyib və böyük bir sevgi və mərhəmət dolu mistik təcrübə yaşayıb. 2021-ci ildə Borba rəsmi olaraq biznesdən uzaqlaşıb. Hazırda o, Menlo-Parkdakı Müqəddəs Patrik seminariyasında sadə bir otaqda yaşayır. Keçmiş maqnat həyatının minimuma endiyini və heç vaxt indiki qədər xoşbəxt olmadığını etiraf edir.
Hüseyn İbadlı



