MKİ 71 məxfi sənədi yayımladı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 11 sentyabr terror aktlarının 25-ci ildönümü ilə əlaqədar “Əl-Qaidə”nin hücuma hazırlığı barədə məlumatların yer aldığı 71 sənədi məxfilikdən çıxarıb.
AZERFAX.AZ “The New York Times”a istinadən xəbər verir ki, yayımlanan sənədlər ABŞ xüsusi xidmət orqanlarının 11 sentyabr hücumlarına hazırlıq barədə əvvəlcədən məlumat əldə etdiyini göstərən Terror Aktlarına Qarşı Mübarizə üzrə Milli Komissiyanın əvvəlki açıqlamalarını təsdiqləyir.
MKİ direktoru Con Retkliff bildirib ki, idarə faciə zamanı həyatını itirənlərin xatirəsinə ehtiram olaraq və daha çox şəffaflığın təmin edilməsi məqsədilə 71 məxfi sənədi ictimaiyyətə təqdim edib. Onun sözlərinə görə, bu materiallar MKİ-nin 11 sentyabr hadisələri ilə bağlı indiyədək açıqladığı ən geniş analitik sənədlər toplusudur.
Sənədlərin əhəmiyyətli hissəsində MKİ-nin “Əl-Qaidə” lideri Üsamə bin Ladeni izləməsi ilə bağlı məlumatlar əksini tapıb. Hesabatlardan bir neçəsində qeyd olunur ki, qurum 1998-ci ildən etibarən təşkilatın mümkün hücum hazırlığı barədə xəbərdarlıqlar alıb.
Bununla belə, sənədlərdə mənbələrdən daxil olan məlumatların qeyri-müəyyən xarakter daşıdığı və bu səbəbdən hücumun konkret hədəfinin və vaxtının əvvəlcədən dəqiq müəyyənləşdirilməsinin mümkün olmadığı bildirilir.
Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də “Əl-Qaidə” üzvləri dörd sərnişin təyyarəsini qaçırıblar. Təyyarələrdən ikisi Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrinə, biri Vaşinqtondakı Pentaqonun qərb qanadına çırpılıb. Dördüncü təyyarə isə Pensilvaniyada, Pitsburq yaxınlığında qəzaya uğrayıb.
Terror aktları nəticəsində ümumilikdə 2977 nəfər həlak olub.



