AZERFAX TV

Mürəkkəb “taxt oyunları” və gizli planlar

Ermənistanda 19 siyasi qüvvənin (17 partiya və 2 partiya bloku) iştirak etdiyi seçki prosesində əsas mübarizənin hakim “Vətəndaş müqaviləsi” partiyası və iki blok – Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” və Samvel Karapetyanın lideri olduğu “Güclü Ermənistan” arasında getdiyi müşahidə olunur. Dördüncü qüvvə kimi isə seçkiyə “Ermənistan təklifi” platforması ilə qatılan Qaqik Tsarukyanın lideri olduğu “Çiçəklənən Ermənistan” partiyası görünür. Digər qüvvələr “köməkçi”, yaxud “parçalayıcı” rolunda çıxış edir. Parlamentə düşmək üçün lazım olan baryer dəyişkəndir: siyasi partiyalar 4 faiz, iki yaxud üç partiyalı bloklar 8 faiz, dörd və daha çox partiyalı ittifaqlar isə 10 faiz həddinə çatmalıdır.

Seçkinin hədəfi hakimiyyətə sahiblənmək olsa da, mövcud reallıqda siyasi qüvvələrin planları fərqlidir:

– “Vətəndaş müqaviləsi” partiyasının şansları yüksək qiymətləndirilir, lakin Paşinyanın komandasının hədəfi təkcə seçkini qazanmaq yox, hökuməti təkbaşına formalaşdırmaq üçün lazım olan 50+1 çoxluğu əldə etməkdir;

– Müxalifətin hədəfi hakimiyyəti götürə bilməsə də, baryeri aşaraq, parlamentdə daha çox mandatla təmsil olunmaq və iqtidara hökuməti təkbaşına formalaşdırmağa imkan verməmək kimi görünür.

Ermənistandakı seçkilərə açıq müdaxilə edən Rusiyanın da bu ssenariyə yatırım etdiyi istisna deyil. Paşinyanın hökuməti təkbaşına formalaşdıra bilməməsi və müxalifətin əvvəlki parlamentlə müqayisədə daha çox təmsilçilik əldə etməsi Moskvaya İrəvan üzərində güclü siyasi təzyiq imkanı və Ermənistandakı mövqelərini qorumaq perspektivləri yarada bilər.

Bu kontekstdə əsas sual ön plana çıxır: Hakimiyyətə qarşı eyni cəbhədən çıxış edən müxalifət seçkiyə niyə parçalanmış formada gedir? Bunun mümkün obyektiv və subyektiv səbəbləri var.

1. Müxalifət daxilindəki parçalanma ideologiya fərqlilikdən yox, ambisiyalar mübarizəsindən qaynaqlanır: Köçəryanın müxalifəti öz çətiri altına toplamaq və Rusiyanın ümumi dəstəyini əldə etmək cəhdləri seçki mübarizəsi başlanmadan müxalif qüvvələr arasındakı ziddiyyətləri dərinləşdirdi;

2. Müxalifətdəki qüvvələrin Köçəryanın timsalında keçmiş hakimiyyətlə eyni cəbhədən çıxış etməsi hakimiyyətin total hücumuna məruz qalması və yenilik istəyən seçici səslərinin itirilməsi riskini yaradır.

Yeni siyasi qüvvə kimi ortaya çıxan Samvel Karapetyanın timsalında bunu daha aydın görmək mümkündür. Köçəryan əvvəldən Karapetyanla ittifaqa girməyə çalışsa da, ikinci bundan imtina etdi. Seçki kampaniyası göstərdi ki, o, hakimiyyətin “Köçəryan və Karapetyan eynidir” təbliğatını zəiflətmək baxımından doğru gediş edib. Halbuki, Karapetyanın Köçəryanla eyniliyi təkcə siyasi yanaşmaları və Rusiyaya bağlılığı deyil, eyni zamanda, keçmiş əlaqələridir. Bu əlaqə Samvel Karapetyanın qardaşı, Ermənistanın keçmiş baş naziri (2016-2018) Karen Karapetyanın üzərində qurulub. Karenin 2016-cı ildə – Serj Sarkisyanın hakimiyyəti dövründə baş nazir olmasında Köçəryanın da dəstəyi rol oynamışdı. Sarkisyan bu təyinata “aprel müharibəsi”ndən sonra Rusiya ilə əlaqələri düzəltmək, həmçinin, Samvel Karapetyanın investisiyasını cəlb etmək (“Ermənistan Elektrik Şəbəkəsi” həmin ərəfədə “Taşir”ə verildi) məqsədilə qarşı çıxmadı, lakin bunun “hakimiyyət dəyişikliyi” planı olduğunu da bilirdi. Sarkisyan hakimiyyətini uzatmaq üçün 2015-ci ildə konstitusiya dəyişikliyi ilə “prezident üsul-idarəsini parlament idarəçiliyinə” dəyişdi və 2018-ci ildə baş nazir olaraq “taxtını” qoruyacaqdı. Karen Karapetyanın baş nazir olması da yeni idarəçilik moderlində Sarkisyanın dəyişdirilməsi planının tərkib hissəsi olub. Rusiyanın da dəstək verdiyi bu planın icrasında Köçəryan xüsusi rol oynayırdı. Sarkisyanın 2018-ci ildə Rusiyanın istəyinin əksinə olaraq, Paşinyanın qarşısından geri çəkilməsinə təsir edən amillər arasında bu da var idi. Yaxın keçmişin siyasi prosesləri, eləcə də Karenin bu seçkidə qardaşı Samvelə yox, Robertə dəstək verməsi də Karapetyan və Köçəryanın arxa fondakı əlaqəsinə diqqət çəkir.

Köçəryanın istəyinə rəğmən, Karapetyanın ittifaq təklifindən imtina etməsi hər ikisinin bağlı olduğu Rusiyanın hakimiyyətin diqqətini birincinin üzərinə yönəldərək, ikincinin yolunu açmaq planı olduğu da istisna edilməməlidir. O da istisna deyil ki, Köçəryan və Karapetyanın komandası seçkidən sonra hakimiyyətə qarşı güclü parlament ittifaqı da yaradacaq.

Seçki prosesində ən müəmmlı məqam isə Paşinyanın Samvel Karapetyanın qarşısını almamasıdır. Həbs edilən Karapetyan ev dustaqlığına buraxıldı və qısa müddətdə “Güclü Ermənistan” partiyası yaradaraq, seçkiyə əsas alternativə çevrildi. Halbuki, hakimiyyətin onun qarşısını almaq imkanları vardı. Bu məqam Paşinyanın Robert Köçəryan və Serj Sarkisyanın timsalında klassik müxalifəti siyasət meydanından təmizləmək istəkləri fonunda diqqət çəkir. Lakin bu məqsədlə Paşinyan və Karapetyanın gizli təmasının olduğunu düşünmək konspiroloji yanaşma olardı, siyasi ziddiyyətlər və qarşıdurmalar da belə bir ehtimalı zəiflədir. Mümkündür ki, Paşinyan hakimiyyəti xarici təzyiqlə qarşısında Karapetyanın (onun təkcə Rusiyada yox, Qərbdə də geniş biznes əlaqələri var) önün kəsməyib və bu vəziyyəti klassik müxalifətin təmizlənməsi planında fürsət olaraq görür.

Ermənistandakı seçki prosesi təkcə geosiyasi mübarizə yox, həm də daxili qüvvələrin mürəkkəb münasibətlər sistemi baxımından da maraqlıdır. Böyük ehtimalla Paşinyan yenidən qalib olacaq, lakin həm daxili münasibətlər, həm də geosiyasi maraqlar fonunda seçkidən sonra siyasi qarşıdurmaların kəskinləşəcəyi qaçılmaz görünür.

Asif Nərimanlı

Related Articles

Bir cavab yazın

Back to top button