Siyasət

Paşinyan qələbə qazanarsa Rusiya hansı təxribatlara əl ata bilər? – Referendum mahiyyətli seçki

Nicat Dağlar
Jurnalist, ekspert

Ermənistanda keçiriləcək parlament seçkiləri təkcə hakimiyyət uğrunda mübarizə deyil. Bu seçkilər əslində ölkənin geosiyasi istiqaməti ilə bağlı referendum xarakteri daşıyır. Ermənistan vətəndaşları faktiki olaraq iki yol arasında seçim edəcəklər: keçmişə qayıdış, yoxsa gələcəyə doğru hərəkət.

Əgər Nikol Paşinyan yenidən seçicilərin etimadını qazanarsa, bu, Ermənistan cəmiyyətinin Rusiyanın təsir dairəsindən tədricən uzaqlaşmaq və daha müstəqil xarici siyasət yürütmək istəyinin göstəricisi kimi qiymətləndiriləcək. Lakin Kremlin Cənubi Qafqaz kimi strateji bölgəni sakitcə tərk edəcəyini düşünmək də sadəlövhlük olardı.

Tarix göstərir ki, Moskva təsir imkanlarını itirdiyi məkanlarda “sakit müşahidəçi” rolunu seçmir. Əksinə, müxtəlif siyasi, iqtisadi və informasiya alətləri vasitəsilə mövqelərini qorumağa çalışır. Ermənistan da bu baxımdan istisna deyil.

Ən həssas təsir rıçaqı enerji faktorudur. Qaz kranının açarı hələ də Moskvanın əlindədir. Kremlin istədiyi vaxt iqtisadi mesajlarını enerji dili ilə çatdırmaq imkanları qalmaqdadır. Digər tərəfdən, Ermənistan iqtisadiyyatının mühüm hissəsi də hələlik Rusiya bazarı ilə əlaqəlidir. Ticarət məhdudiyyətləri, logistika problemləri və maliyyə təzyiqləri istənilən vaxt siyasi alətə çevrilə bilər.

Ancaq Kreml üçün ən effektiv vasitə bəlkə də informasiya müharibəsidir. Müasir dünyada tanklar sərhədləri keçir, informasiya isə beyinləri. Ermənistan daxilində siyasi qütbləşmənin dərinləşdirilməsi, ictimai narazılığın artırılması və daxili qarşıdurmaların qızışdırılması ehtimalları da nəzərdən qaçırılmamalıdır.

Bununla belə, vəziyyət əvvəlki illərdən fərqlənir. Ermənistan artıq təkcə Rusiyaya baxan ölkə deyil. Qərb institutları ilə yaxınlaşma, Avropa strukturları ilə əməkdaşlıq və yeni iqtisadi tərəfdaşlıqlar Yerevana əlavə manevr imkanları yaradır.

Bu səbəbdən Paşinyanın mümkün qələbəsi Kremlin regiondakı ənənəvi təsir mexanizmlərinin əvvəlki gücünü itirməsinin növbəti siqnalı ola bilər.

Əsl sual isə budur: Ermənistan xalqı seçki qutusunda kimə səs verəcək? Paşinyana, yoxsa onun rəqiblərinə? Əslində seçim daha dərindir. Ermənistan gələcəyə səs verəcək, yoxsa keçmişin kölgəsində qalmağa?..

Related Articles

Bir cavab yazın

Back to top button