Pentaqon Avropadakı kontingenti geri çəkmək istəyir

Pentaqon Avropada ABŞ hərbi mövcudluğunun azaldılması variantını nəzərdən keçirir. Təxmin edilir ki, təxminən 25 min hərbçi ölkəyə qaytarıla, həmçinin döyüş təyyarələri, gəmilər və müxtəlif silahlar başqa yerlərə dislokasiya edilə bilər.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “NBC News” rəsmi dairələrin nümayəndələrinə istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, başqa bir ssenari də nəzərdən keçirilir: Avropadan hazırkı kontingentin yarısına qədəri, yəni ümumi sayı təxminən 80 min olan hərbi qüvvədən 40 minədək hərbçi çıxarıla bilər. Belə bir addım atılarsa, bu, Soyuq müharibənin başa çatmasından sonra ABŞ-ın Avropadakı qüvvələrinin ən böyük ixtisarı olacaq.
Qeyd olunur ki, əsas ixtisar Almaniyaya təsir edə bilər. Burada təxminən 36 min ABŞ hərbçisi yerləşdirilib. Həmçinin İtaliya və İspaniyadakı qüvvələrin də azaldılması mümkündür. Bu, həmin ölkələrin rəhbərliklərinin daha əvvəl ABŞ-ın İrana qarşı hərbi əməliyyatını dəstəkləməməsi ilə əlaqələndirilir.
“NBC News”un məlumatına görə, ABŞ-ın Avropadakı qüvvələrinin komandanı general Aleksus Grinkeviç mümkün ixtisar ssenarilərini artıq bu həftə Pentaqonun rəhbəri Pit Heqsetə təqdim etməlidir. Yekun tövsiyələr noyabrın 6-da nazirə təqdim olunacaq, bundan sonra sənəd təsdiq üçün ABŞ Prezidenti Donald Trampa göndəriləcək.
Hüseyn İbadlı



